“Özümüzü tanımadan xaricə tanıda bilməyəcəyik” - Vasif Qurbanzadə
“Bütün Azərbaycan mediasına, onun hər bir fərdinə, ölkəmizdəki kitab prosesinə bu qədər həssasiyyət göstərdiklərinə görə təşəkkür etmək istəyirəm”.
Redaktor.az xəbər verir ki, bunu XII Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı keçirilən mətbuat konfransında Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Vasif Qurbanzadə dedi.
“Kitab prosesi nə qədər böyük prosesdir və bu gün ən önəmlisi odur ki, Azərbaycan kitabının dünyada tanıdılmasının arxasında duran əsas güc özümüzü tanımaqdır. Biz özümüzü tanımadan heç vaxt xaricə tanıda bilməyəcəyik. Azərbaycan Milli Elmlər Akademiyasının da qarşısında qoyduğu əsas vəzifələrdən biri Azərbaycan ədəbiyyatının xaricdə tanıdılması və eyni zamanda dünya ədəbiyyatının Azərbaycanda tanıdılması istiqamətində fəaliyyətin aparılmasıdır”.
O vurğuladı ki, bu prosesdə ən önəmli məsələlərdən biri kitab sərgisidir:
“Bilirsiniz ki, hər il beynəlxalq kitab sərgisini Azərbaycan Milli Elmlər Nazirliyi təşkil edir və burada kitab sənayesinin istər xarici, istərsə də yerli iştirakçılarının demək olar ki, çoxu birgə iştirak edir. Onlar bu məsələdə kifayət qədər aktivdirlər.
Xüsusilə bu il xarici iştirakçıların sayının artmasını misal gətirmək istəyirəm. Bu il Bakı Beynəlxalq Kitab Sərgisində 30-dan artıq, 32 xarici ölkədən iştirakçı var. Əmin olun ki, bir çox yerlərdə Bakı Kitab Sərgisi regional əhəmiyyətli kitab sərgisi kimi dəyərləndirilməsinə baxmayaraq, bir çox beynəlxalq kitab sərgilərində bu qədər xarici tərəfdaş iştirak etmir. Halbuki onlar dünyada kifayət qədər məşhur kitab sərgiləridir”.
Aytəkin TOFİQQIZI












