“12 yaşında köçkün düşmüşdüm və düşünmüşdüm ki, biz nə qədər yiyəsizik”
“Sərgimiz bu il uşaqlara həsr olunub. Bilirsiniz, hər il Bakı Kitab Sərgisinin bir mənası olur. Bu il bizim məramımız uşaqlardır, gələcəyimizdir. Çox maraqlıdır ki, bu, məhz XII Kitab Sərgisinə təsadüf edir”.
Redaktor.az xəbər verir ki, bunu XII Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı keçirilən mətbuat konfransında Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Vasif Qurbanzadə dedi.
“Doğrusunu desəm, əməkdaşlarımız Xəyal müəllim və Lalə xanım bu adı mənə ilk dəfə deyəndə mən bir xeyli duyğulandım. İndi ola bilər ki, bəlkə də burada yeri deyil, amma mən 12 yaşında köçkün düşmüşdüm və o anda düşünmüşdüm ki, biz nə qədər yiyəsizik.
Bu gün müzəffər ordunun, müzəffər dövlətin, öz ərazi bütövlüyünü təmin etmiş dövlətin vətəndaşlıq duyğuları ilə biz XII Kitab Sərgisini uşaqlarımıza həsr edirik.
Mən bununla öz uşaqlığımla bir əlaqə qurmaq istədim və gördüm ki, o vaxtla bu vaxtın nə qədər fərqi var. Biz nə qədər irəli gəlmişik. Bu gün kitab sərgimizdə kitablarımızın xaricdə tanıdılması, eləcə də yerli oxuculara təqdim olunması istiqamətində dövlətimizin nə qədər önəmli siyasəti var”.
Aytəkin TOFİQQIZI












