Azərbaycan London Kitab Sərgisində niyə iştirak edə bilməyib? - Rəsmi AÇIQLAMA
“Dövlət qurumunun hər hansı addım atması üçün müəyyən razılaşmalardan keçməsi lazımdır. Dövlət qurumu özəl qurumlar kimi rahat şəkildə qərar verib addım ata bilmir. Çünki burada müəyyən məsələlər və razılaşmalar var, onların necə həyata keçirilməsi vacibdir”.
Redaktor.az xəbər verir ki, bunu XII Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı keçirilən mətbuat konfransında Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Vasif Qurbanzadə dedi.
“Hazırda dünyada, məsələn, kitab sənayesində ən önəmli sərgilər hansılardırsa, biz onları seçirik. İngiltərədə, yəni London Kitab Sərgisində ölkə olaraq iştirak edə bilməmişik. Amma bundan başqa, qarşıya məqsəd qoyduğumuz, Azərbaycan üçün iştirakın vacib olduğu demək olar ki, bütün sərgilərdə iştirak edirik.
Frankfurt Kitab Sərgisi dünyanın ən böyük kitab tədbirlərindən biridir. Boloniya Kitab Sərgisi, bildiyiniz kimi, İtaliyada keçirilən uşaq kitabları sərgisidir və kifayət qədər ciddi əhəmiyyətə malikdir. TÜYAP Türkiyənin İstanbul şəhərində keçirilən kitab sərgisidir. Eyni zamanda, ayrı-ayrı sərgilərdə də iştirakçı qismində təmsil olunuruq.
Bu günə qədər Pekində iştirakımız olub, hazırda Şarjada da iştirak nəzərdə tutulur. Nümayəndələrimiz oraya gedərək sərgidəki proseslə tanış olacaq, digər ölkələrdən gələn həmkarları ilə görüşlər keçirəcək və nəticələr əldə etməyə çalışacaqlar”, - deyə o bildirdi.
Aytəkin TOFİQQIZI












