“44” filmi ilə bağlı Xalq artistlərindən AÇIQLAMA

 21:04 19.10.2026     73

Xalq artisti Qurban İsmayılov AZTV-nin “Hədəf” verilişində “44” bədii filmi barədə fikirlərini bölüşüb.

Redaktor.az xəbər verir ki, o bildirib ki, bu filmdə hər şey olduğu kimi təqdim edilib:

“Bu filmdə hər şey var. Qəhrəmanlıq tariximiz, hərbçilərin bir-birinə görə özünü qurban verməyi. Adətən belə filmlərdə qəhrəman düşməni öldürür, özünə nəsə olmur. Bu filmin üstün cəhətlərindən biri odur ki, hər şey real göstərilib. Bizim şəhidlərimizin necə həlak olduğu göstərilir. Biz adi, sadə düşmənə qalib gəlməmişik. Məkrli, güclü bir düşmənə qalib gəlmişik”.

Aktyor həmçinin bildirib ki, olanların unudulmaması üçün belə filmlərin sayı artmalıdır:

“Şəhidlər, valideynləri, qazilərimiz unudulmamalıdır. Onlar bizim üçün canlarından, sağlamlığından keçiblər. Bizim gələcək nəsillər üçün, ölkədə əmin-amanlığın olması üçün biz də hər şeyə hazır olmalıyıq. Bu filmlərin sayı çoxalmalıdır ki, biz olanları unutmayaq”.

Xalq artisti Mehriban Zəki isə bildirib ki, dünya tarixində müharibə haqqında filmlərə diqqət yetirsək, yalnız döyüş səhnələrinə köklənsək, bu, emosional baxımdan tamaşaçını gərgin vəziyyətdə saxlayar. Dramaturji baxımdan isə ruha ümid, işıq vermək lazımdır.

Onun sözlərinə görə, filmdə sevgi və fədakarlıq mövzusu da xüsusi əhəmiyyət daşıyır:

“Bir də bu sevgidən doğan körpə var. Nəyin uğrunda bu qurbanları verdik? Gələcəyimiz, övladlarımız uğrunda. Tamaşaçı baxanda istər-istəməz romantik duyğular yaşayır. Eyni zamanda, insanların bir-birinə olan sevgisi uğrunda göstərdiyi fədakarlığı görür. Mənim qəhrəmanımın Türkiyədən olan gəlini öz sevgilisinə görə cəbhəyə gedir ki, bəlkə onunla görüşə bilsin”.

Aktrisa vurğulayıb ki, filmdə canlandırdığı obraz əvvəlki layihələrindən fərqlənir:

“Digər layihələrdə işləyəndə bilirsən ki, hazırlaşırsan. Burada isə yaşadığın, gördüyün, müşahidə etdiyin davranışlara empatiya qurursan. Mənim oynadığım ana obrazı bütün anaların birləşmiş obrazıdır. Film təqdim olunandan sonra baxırdım ki, yox, Mehriban, bu kadrda tam deyildin, daha içdən, daha ağrılı edə bilərdin. Amma tamaşadan fərqli olaraq, bu artıq həkk olunub getdi. Yaşımızın böyüklüyünə baxmayaraq, biz də bu işlərlə böyüyürük, inkişaf edirik. Bu layihədə iştirak etməklə, bu filmi ərsəyə gətirməklə hədəfimizə çatdıq”.

Vumart və Güvən reklamı Vumart Güvən