Zəngilanda fotosərgi və təsviri sənət üzrə ustad dərsləri təşkil OLUNDU
Mədəniyyət Nazirliyi və Azərbaycan Fotoqraflar Birliyinin təşkilatçılığı ilə Zəngilan Şəhəri Günü çərçivəsində "Zəngilan: zamanın qanadında" adlı fotosərgi keçirilib.
Redaktor.az xəbər verir ki, Zəngilan Konqres Mərkəzinin dəhlizində təşkil edilən sərgidə Elman Hüseynov, Rəsul Rəhimov, Azər İbrahimov, Siyavuş Hüseynli, Nigar Əhmədova, Hüseyn İskəndərov, Elgiz Nəbili, Zaka Soltan, Roman İsmayılov, Amira Süleyman və Mirnaib Həsənoğlunun fotoları yer alıb.
Ekspozisiyada təqdim edilən fotolarda Zəngilanın tarixi yaddaşı, təbiəti, yenidən qurulması və müasir siması əks olunub.
Konqres Mərkəzinin dəhlizində eyni zamanda təsviri sənətlə bağlı ustad dərsləri də təşkil edilib.
Peşəkar rəssamlar Pərviz Ələkbərli və Fidan Abidovanın verdiyi tövsiyələrlə uşaqlar Çinarlar yurdu Zəngilanın əsrarəngiz təbiət mənzərələrini, tarixi abidələrini və milli rəmzlərimizi kətana köçürüblər.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, mədəniyyət nazirinin müavini Murad Hüseynov və rayon ictimaiyyətinin nümayəndələri fotosərgi və uşaqların rəsmləri ilə tanış olublar.
Foto və rəsmlər barədə qonaqlara məlumat verilib.


















