“Kitab insanın həm xarakterini, həm mənliyini, həm də dünyaya baxışını formalaşdırır” - Yazıçıdan AÇIQLAMA
Xəbər verdiyimiz kimi, bu gündən XII Beynəlxalq Kitab Sərgisi başlayıb. Sərgidə müxtəlif kitab stendləri yer alır. Bu stendlərdən biri də uşaq tərbiyəsi və övlad yetişdirilməsi məsələləri üzrə elmi araşdırmaçı, yazıçı Siyavuş Quliyevə məxsusdur.
Redaktor.az-ın sərgidə iştirak edən əməkdaşı Siyavuş Quliyevlə həmsöhbət olub.
Müsahibimiz əsasən uşaq tərbiyəsi və övlad yetişdirilməsi ilə bağlı kitablar yazdığını, valideynlərə psixoloji-emosional dəstək məqsədilə qələmə aldığı beş kitabının da olduğunu bildirdi. O, sərgidə 18 kitabı ilə iştirak etdiyini qeyd etdi:
“Əsasən uşaq tərbiyəsi və övlad yetişdirməklə bağlı kitablar yazıram. Valideynlərə psixoloji-emosional dəstək məqsədilə yazdığım beş kitab da var. Sərgidə 18 kitabımla iştirak edirəm.
Kitab oxumağa olan maraqdan danışsaq, qeyd edə bilərəm ki, tədricən gənclərimizin və vətəndaşlarımızın mütaliəyə marağı artır. Onlar artıq dərk edirlər ki, kitab nə qədər əhəmiyyətli və vacibdir. Kitab insanın xarakterinin formalaşmasında əvəzolunmaz mənbədir. Kitabsız mümkün deyil. Kitab insanın həm xarakterini, həm mənliyini, həm də dünyaya baxışını formalaşdıran qeyri-adi bir mənbədir”.
Siyavuş Quliyev uşaqlarda mütaliə vərdişinin formalaşdırılmasında ailə mühitinin mühüm rol oynadığını vurğuladı. Onun sözlərinə görə, uşaqlarda kitaba maraq yaratmaq üçün ilk növbədə evdə oxu mühiti formalaşdırılmalıdır:
“Kitab oxumağa maraq ailələrdən başlamalıdır. Ailələr evlərində oxu mühiti yaratmalıdırlar. Övlad gözünü açanda ilk gördüyü şeylərdən biri kitab olsun. Yəni ümumiyyətlə, evdə hansı mühit yaranarsa, övladımız ona daha çox meyilli olur”.
Həmsöhbətimiz hazırda kitablarla oxucular arasında müəyyən məsafənin olduğunu da diqqətə çatdırdı. O, kitab sərgilərinin bu məsafənin aradan qaldırılması və oxucularla birbaşa ünsiyyət qurulması baxımından əhəmiyyətini qeyd etdi:
“Yəni biz istədiyimiz formada, istədiyimiz şəkildə kitabları oxuculara çatdıra bilmirik. Son dövrlərdə tez-tez keçirilən sərgilər, o cümlədən XII Beynəlxalq Kitab Sərgisi oxucularımızla üz-üzə gəlmək, yaxından təmasda olmaq, onlara hansı kitabları oxumağı və hansılarından uzaq durmağı tövsiyə etmək üçün bir vasitədir. Düşünürəm ki, son dövrlərdə keçirilən sərgilər bu baxımdan çox faydalıdır.
Eyni zamanda, kitab seçən oxucular daha çox həzz almağa imkan verən əsərlərə, xüsusilə detektiv kitablara meyillidirlər. Detektiv kitabların xüsusiyyəti də ondadır ki, insan onları oxuduğu müddətdə həzz alır, lakin sonradan əsərdə baş verən prosesləri yadından çıxarır”.
Aytəkin TOFİQQIZI
















