"Şuşanın Dövlət Tarix-Memarlıq Qoruğu olan tarixi hissəsi İslam İrsinin siyahısına daxil edilib"
“Hazırda Şuşada 1980-ci illərin sonlarında, işğaldan əvvəl keçirilən Beynəlxalq Musiqi Festivalı yenidən təşkil olunur. Həmçinin burada beynəlxalq ədəbiyyat tədbirləri keçirilir. Bu da şəhərin xarici qonaqlar üçün açıq olmasına və beynəlxalq əlaqələrinin genişlənməsinə şərait yaradır”.
Redaktor.az xəbər verir ki, bunu VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı keçirilən mətbuat konfransında mədəniyyət nazirinin müavini Fərid Cəfərov dedi.
“Bundan əlavə Şuşa digər ölkələrin şəhərləri ilə qardaşlaşma haqqında sazişlər imzalayır. Bu da beynəlxalq münasibətlərin yaxşılaşmasına və inkişafına töhfə verir.
Bu məqamda onu da qeyd etmək istərdim ki, Şuşanın Dövlət Tarix-Memarlıq Qoruğu olan tarixi hissəsi bu ilin fevral ayında İslam İrsinin siyahısına daxil edilib. Forum çərçivəsində keçiriləcək panellərdən birində bu hadisəni qeyd etməyi planlaşdırırıq. Çünki artıq bu ərazi beynəlxalq mühafizə altındadır və ümumbəşəri dəyərə malik mədəni irs nümunələrindən biri kimi tanınacaq. Əlavə olaraq bildirmək istəyirəm ki, proqramımız çərçivəsində oktyabr ayında azad edilmiş ərazilərə - Şuşa və Ağdama səfər təşkil etməyi planlaşdırırıq. Hamınızı bu səfərdə iştirak etməyə dəvət edirik”, - deyə o bildirdi.
Aytəkin TOFİQQIZI












