"Bütün bunlar Azərbaycana özünəməxsus təcrübə qazandırır" - Nazir müavini
“Vurğulamaq lazımdır ki, forum təkcə siyasətçiləri və qərar qəbul edən şəxsləri deyil, həm də cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələrini - qadınları, gənc liderləri, dini liderləri, qeyri-hökumət təşkilatlarını bir araya gətirir. İndi isə biznes nümayəndələri də bu prosesə qoşulublar”.
Redaktor.az xəbər verir ki, bunu VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı keçirilən mətbuat konfransında mədəniyyət nazirinin müavini Fərid Cəfərov dedi.
“Azərbaycanın multikulturalizm və dinc birgəyaşayış sahəsində uzunmüddətli ənənələri, bu istiqamətdə həyata keçirilən uğurlu dövlət siyasəti, eləcə də ölkənin Şərqlə Qərbin, Şimalla Cənubun kəsişməsində yerləşməsi xüsusi əhəmiyyət daşıyır. Bütün bunlar Azərbaycana özünəməxsus təcrübə qazandırır və ölkəni bu cür təşəbbüs və forumların keçirilməsi üçün uğurlu platformaya çevirir.
Forumun 15 illik tarixinə nəzər saldıqda, bunun uğurlu bir təcrübə olduğunu deyə bilərik. Bu uğur barədə yalnız biz azərbaycanlılar danışmırıq, beynəlxalq təşkilatlar da bunu tanıyır. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası bir neçə qətnamə qəbul edib. UNESCO-nun İcraiyyə Şurası da 2014-cü ildə müvafiq qətnamə qəbul edib. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının hesabatında isə Bakı Prosesi və bu forum mədəniyyətlərarası dialoqun təşviqi üçün əsas qlobal platforma kimi qeyd olunub.
Bunlar Azərbaycanın bu foruma ev sahibliyi etməsinin əsas səbəblərini ümumiləşdirir”, - deyə o bildirdi.
Aytəkin TOFİQQIZI












