"Geosiyasi gərginlik fonunda biznes əlaqələrinin əhəmiyyəti artır"
“Qeyd edildiyi kimi, mədəniyyətlərarası dialoq sərhədlər arasında körpülərin qurulmasında, dialoqun təşviqində və qarşılıqlı anlaşmanın gücləndirilməsində də mühüm rol oynayır”.
Redaktor.az xəbər verir ki, bu sözləri VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil olunan biznes dialoq sessiyasında iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov dedi.
“Hər bir transsərhəd biznes tərəfdaşlığı – istər təchizatçı, istər müştəri, istərsə də investorla əlaqələr olsun – səmərəli ünsiyyət, müxtəlif mədəniyyətlərə və biznes təcrübələrinə hörmət, ən əsası isə qarşılıqlı etimad tələb edir.
Zaman keçdikcə bu münasibətlər biznes cəmiyyətləri arasında daha sıx əlaqələrin qurulmasına, ortaq maraqlara və qarşılıqlı uğura sadiqliyə əsaslanan iqtisadi tərəfdaşlığın inkişafına töhfə verir”.
Onun sözlərinə görə, artan geosiyasi gərginlik və iqtisadi parçalanma fonunda əlaqələrin gücləndirilməsinin əhəmiyyəti daha aydın görünür:
“Ticarət maneələri və təchizat zəncirindəki fasilələr biznes ictimaiyyəti üçün əlavə xərclər və qeyri-müəyyənlik yaradır.
Bununla belə, mövcud kommersiya əlaqələri, birgə investisiyalar və ortaq iqtisadi maraqlar dialoqun davam etdirilməsinə, əməkdaşlıq kanallarının qorunmasına və qarşılıqlı faydalı həllərin təşviqinə kömək edə bilər.
Bu baxımdan, sahibkarlar iqtisadiyyatlar və mədəniyyətlər arasında mühüm körpü rolunu oynayır, praktiki əməkdaşlıq və davamlı tərəfdaşlıq vasitəsilə ənənəvi diplomatiyanı tamamlayırlar.
Hörmətli tərəfdaşlar və iştirakçılar, regionumuz biznes mühitinin yaxşılaşdırılması, özəl sektorun rolunun gücləndirilməsi və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə hərtərəfli iqtisadi islahatlar həyata keçirib”.
Aytəkin TOFİQQIZI












