Azərbaycan dünyaya nə təqdim edə bilər? - Kino Agentliyinin rəhbərindən AÇIQLAMA
“Bəzi dövlətlər üçün bu sahədə real siyasətin formalaşdırılması prosesi indi başlayır. Bizim və region ölkələri üçün bunun böyük imkan olduğunu düşünürəm. Xüsusilə neft iqtisadiyyatına malik ölkələr üçün yaradıcı sənayelər əlavə bir fürsətdir. Bu, həmin sahədə oyun qaydalarını dəyişə biləcək bir resursdur”.
Redaktor.az xəbər verir ki, bu sözləri VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil olunan biznes dialoq sessiyasında Azərbaycan Respublikası Kino Agentliyinin baş direktoru Rəşad Əzizov bildirdi.
“Yerli səviyyədə fəaliyyət göstərməyin vacibliyini nəzərə alsaq, bu, qlobal tendensiyaları izləməklə yanaşı, istehsal proseslərində yerli yanaşmanın tətbiqi deməkdir. Əlbəttə, məqsəd istehsal olunan bütün məhsul və xidmətlərin qlobal bazara çıxarılması, ixraca yönəldilməsidir”.
O vurğuladı ki, yaradıcı sənayelərin imkanları yalnız bununla məhdudlaşmır:
“Bu məhsulların yayılması üçün rəqəmsal kanallar, yayım platformaları və elektron ticarət sistemləri də mövcuddur. Bu sahədə əsas məqamlardan biri də məzmun yaratmaqdır. Məzmun yerli səviyyədə, xüsusilə Azərbaycan, Qazaxıstan, Türkiyə və Şərq ölkələri kimi dövlətlərdə yaradılır. Bizim dünyaya təqdim edə biləcəyimiz çox şey var.
İlk məsələ məzmunumuzu dünyaya necə təqdim edə biləcəyimizi anlamaqdır. İkinci məsələ isə bu yeni kanallarda, xüsusilə regional səviyyədə öz yerimizi tapmaqdır”.
Aytəkin TOFİQQIZI












