Hollivudun yerini yerli filmlər tutur? - Qazaxıstandan diqqətçəkən nəticə
“Müzakirələrə münasibət bildirmək üçün bir neçə məqamı qeyd etmək istərdim. İlk növbədə, yaradıcı sənayelərdən, fondumuzu niyə yaratdığımızdan və bu sahəyə niyə maliyyə ayırdığımızdan danışmaq istəyirəm”.
Redaktor.az xəbər verir ki, bu sözləri VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil olunan biznes dialoq sessiyasında Alem Entertainment GP şirkətinin təsisçisi və baş icraçı direktoru Yernur Rysmagambetov dedi.
“Pandemiyadan sonra, xüsusilə dünya parçalanmağa başladığı dövrdə müşahidə etdik ki, yerli bazarlarda yerli məzmuna maraq artır. Bir neçə il əvvəl Qazaxıstan kinoteatrlarında nümayiş olunan filmlərin 80 faizi Hollivudun və digər aparıcı ölkələrin istehsalı olan ekran əsərləri idi. Bu gün isə filmlərin 80 faizi yerli istehsaldır.
Beləliklə, tamaşaçılar Hollivudun məşhur ulduzlarını deyil, öz ölkələrinin tanınmış simalarını izləmək istəyirlər. Bunun səbəbi insanların artıq xəyali hekayələrdənsə, öz həyatları ilə əlaqələndirə bildikləri hekayələri görmək istəmələridir. Onlar qonşularına, müəllimlərinə və ya dostlarına bənzəyən obrazları izləməyə üstünlük verirlər. Qazaxıstanda məzmunun lokallaşdırılması ilə bağlı belə bir tendensiya var. Lakin bazarımız kiçik olduğuna görə daha böyük layihələrin istehsalı üçün imkanlar kifayət etmir. Buna görə də fondumuzun məqsədlərindən biri yerli prodüserləri, aktyorları və istehsal şirkətlərini dəstəkləmək, onların yerli hekayələri ekranlaşdırmasına şərait yaratmaqdır”, - deyə direktor bildirdi.
O diqqətə çatdırdı ki, bu gün müşahidə olunan digər tendensiya dünyaya baxışımızın əsasən izlədiyimiz filmlər vasitəsilə formalaşmasıdır:
“Filmlərin çoxu Hollivud istehsalı olduğundan, Yaxın Şərqə, hətta bura gəlməzdən əvvəl Azərbaycana dair təsəvvürlərimiz də böyük ölçüdə həmin filmlərin təsiri ilə formalaşır. Hər şey mərkəzləşdirildiyi üçün dünyaya baxışımızı müəyyən mənada başqaları formalaşdırırdı.
İndi isə hər bir ölkənin, xalqın və mədəniyyətin özünü dünyaya təqdim etmək istədiyini görürük. Məsələn, niyə Qazaxıstan haqqında özümüz danışmayaq, ölkəmizi dünyaya özümüz tanıtmayaq? Cənubi Koreya bunu niyə edir?
Düşünürəm ki, hazırda hər bir ölkənin, o cümlədən Azərbaycanın öz səsini dünyaya çatdırmaq istədiyi bir mərhələdəyik. Regionumuzda, eləcə də Yaxın Şərqdə yaradıcı sənayelərə maraq artır. Ölkələr bu sahəni inkişaf etdirməklə formalaşmaqda olan yeni dünyada öz sözlərini demək istəyirlər”.
Aytəkin TOFİQQIZI












