“Ən yaxşı kod yazan artıq süni intellektin özüdür” - Türkiyəli mütəxəssis
“Dövlət və ya qurum olaraq gördüyümüz iş sahibkarların ehtiyaclarına uyğun həll yolları yaratmağa çalışmaq olub.
Bizdə proqramlaşdırma məktəbləri və təhsil proqramları var. Əslində, bu cür proqramlar hər yerdə mövcuddur”.
Redaktor.az xəbər verir ki, bu sözləri VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil olunan biznes dialoq sessiyasında Türkiyənin Bilişim Vadisi texnologiya və sahibkarlıq ekosisteminin baş icraçı direktoru Erkam Tüzgen dedi.
“Burada bir məqamı da qeyd edim: süni intellektdən sonra nələrin baş verəcəyini bilmirik. Çünki bu gün ən yaxşı proqram tərtibatçıları belə, demək olar ki, çox az iş görürlər. Onlar əsasən süni intellektə tapşırıqlar verirlər. Ən yaxşı kod yazan artıq süni intellektin özüdür. Eyni vəziyyət başqa sahələrdə də yarana bilər. Bəlkə də bu barədə bir qədər sonra danışarıq.
Oyun sənayesi ekosisteminə gəlincə, biz fondlar fondu yaratdıq və mütəxəssisləri maliyyələşdirdik. Qeyd etdiyiniz kimi, dövlət birbaşa maliyyələşdirmə məsələsində o qədər də uğurlu olmaya bilər. Amma düşünürəm ki, dövlət fondları maliyyələşdirməkdə uğurlu ola bilər. Biz də məhz bunu etdik: ekosistem yaratdıq və insanları bir araya gətirdik.
Oyun sənayesində olduğu kimi, kino və digər mədəniyyət sahələrində də vəziyyət eynidir. Oyun sənayesi dedikdə ilk növbədə proqram təminatının hazırlanması ağıla gəlir. Amma əslində, bu, siyahıda sonuncu yerdə olmalıdır. Bizə 3D rəssamları, oyun mühərrikləri ilə işləyən mütəxəssislər, ssenari müəllifləri, musiqiçilər və başqaları lazımdır. Bütün bu insanlar bir araya gələrək uğurlu oyun şirkəti yarada bilərlər.
Biz də həmin insanları bir araya gətirmək üçün ekosistem yaratdıq. Çünki onlar bir-birlərini tanımırlar və görüşüb əməkdaşlıq edə biləcəkləri ortaq məkanları yoxdur. Daha sonra onlara cəhd göstərməyə, uğursuzluqdan sonra yenidən çalışmağa kömək edirik. Əsas məqsəd hər uğursuzluqdan dərs çıxarmaq və növbəti dəfə daha yaxşı nəticə əldə etməkdir. Nəticədə onların bəziləri uğur qazanır”, - deyə o vurğuladı.
Aytəkin TOFİQQIZI












