"Azərbaycanın gələcəyi ilə bağlı böyük gözləntilərimiz və hədəflərimiz var" - Allahşükür Paşazadə
“Azərbaycan mədəniyyətin qorunması, ictimai-siyasi tədbirlərin təşkili və bu sahədə beynəlxalq əməkdaşlığın inkişafı istiqamətində mühüm addımlar atır”.
Redaktor.az xəbər verir ki, bunu VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə bildirdi.
Şeyxülislam diqqətə çatdırdı ki, Azərbaycan müstəqil dövlət olaraq fəaliyyət göstərir və öz dövlət siyasətini milli maraqlar, mənəvi dəyərlər və beynəlxalq əməkdaşlıq prinsipləri əsasında həyata keçirir:
“Bu gün Azərbaycan regionda və beynəlxalq miqyasda mühüm rol oynayan, sülhün və əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verən bir dövlətdir. Azərbaycanın gələcəyi ilə bağlı böyük gözləntilərimiz və hədəflərimiz var. Bu hədəflər yalnız ölkəmiz üçün deyil, bütün dünya üçün sülhün, sabitliyin və qarşılıqlı anlaşmanın təmin olunması baxımından əhəmiyyətlidir. Cənab Prezidentimizin göstərişi işğaldan azad edilmiş torpaqlarımızda məscidlərimizin, erməni kilsələrinin, alban kilsələrinin yenidən bərpa edilməsi bunun nümunəsidir.
Azərbaycan xalqının mənəvi dəyərləri, milli sərvətləri və əsrlər boyu formalaşmış dünyagörüşü dövlətimizin siyasətində xüsusi yer tutur. Bu dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi Azərbaycanın əsas prioritetlərindəndir. Azərbaycan cəmiyyəti və dövlətimiz beynəlxalq əməkdaşlığın inkişafına, qlobal platformalarda fəal iştiraka və müxtəlif mədəniyyətlər arasında dialoqun gücləndirilməsinə böyük əhəmiyyət verir. Azərbaycan sivilizasiyalararası dialoqun inkişafı istiqamətində həyata keçirilən təşəbbüslərin təşkilində və dəstəklənməsində fəal iştirak edir.
Ölkəmiz mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsini, dinlərarası münasibətlərin inkişafını və islamofobiyaya qarşı mübarizəni mühüm vəzifələrdən biri hesab edir”.
NURİYYƏ












