“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” - Rejissor kino bazarını belə izah ETDİ

 17:24 28.10.2026     79

Dünən keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən biznes dialoq sessiyasında Azərbaycan Respublikası Kino Agentliyinin baş direktoru Rəşad Əzizov yaradıcı sənayelərin, xüsusilə kino sahəsinin ölkəmiz və region dövlətləri üçün geniş imkanlar yaratdığını bildirib. O qeyd edib ki, Azərbaycanın dünya auditoriyasına təqdim edə biləcəyi çoxsaylı məzmun nümunələri var və əsas məsələlərdən biri bu məzmunun beynəlxalq miqyasda tanıdılması, eləcə də rəqəmsal platformalar və digər yayım kanalları vasitəsilə qlobal bazara çıxarılmasıdır.

Bəs Azərbaycan kinosu bu gün dünya auditoriyasına nə təqdim edə bilər? Filmlərimizin beynəlxalq səviyyədə tanıdılması və xarici bazarlara çıxarılması üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında "Tağıyev" filminin rejissoru Zaur Qasımlı bildirdi ki, son vaxtlar Azərbaycan kinosunda, kino istehsalında gözəçarpan irəliləyişlər var:

"Ortaya maraqlı işlər çıxır. Dünya bazarına çıxan filmlərimiz hələ istədiyimiz qədər çox deyil. Amma iş tərpənib. İnanıram ki, ilbəil bu işlərin sayı artacaq, daha təcrübəli rejissorlarımız, ssenaristlərimiz, prodüserlərimiz yetişəcək. Əsas odur ki, meydanda iş olsun. Adamlar işləsinlər. Təcrübə də elə işləyə-işləyə yaranır".

Müsahibimiz hesab edir ki, beynəlxalq bazara çıxmaq məsələsində əməkdaşlıq əlaqələri çox vacibdir:

"Çünki yaxşı film çəkmək, maraqlı və keyfiyyətli bir məhsul ortaya qoymaq hələ onun xaricdə qəbul olunacağına zəmanət vermir. O filmi bazara çatdırmaq da ayrıca işdir. Bir az sadə misalla deyim. Təsəvvür edin ki, bal istehsal edirsiniz. Çox yaxşı baldır, bütün standartlara cavab verir, sertifikatı da var, sənədləri də. İstəyirsiniz ki, böyük marketlər şəbəkəsində başqa ballarla yanaşı satılsın. İndi siz o balı götürüb birbaşa müdirin yanına girə bilmirsiniz ki, baxın, belə gözəl məhsulum var, bunu götürüb ən görünən rəfə qoyun. Məhsulun satışa qəbul olunması, rəfdə yer tutması ciddi rəqabətlə bağlıdır. Birinci dəfə gəlmisinizsə, sizi qarşılayan menecer mədəni şəkildə “ağzınız şirin olsun” deyib yola da sala bilər. Rəfdə yer məhduddur. Orada artıq illərdir işləyən şirkətlərin malları var. Yerli də var, xarici də. Alıcı onları tanıyır. Siz bazara təzə girirsiniz və özünüzə yer tapmalısınız. O şəbəkə ilə işləyən, orada etibar qazanmış bir tərəfdaşınız varsa, sizi satışa cavabdeh rəhbərə təqdim edə bilər. Məhsulunuzun arxasında dayanar. Bundan sonra onun keyfiyyəti, satış şərtləri və başqa detallar müzakirə olunar. Bəlkə əvvəl ən az görünən rəfdən başlayacaqsınız. Ya da böyük pul xərcləyib ən görünən yerə çıxa bilərsiniz. Amma bu xərc o qədər arta bilər ki, balınız tanınmış markaların balından da baha başa gəlsin. Onda onu alıcıya satmaq da çətinləşəcək".

Resjissor vurğuladı ki, kinoda da buna oxşar vəziyyət mövcuddur:

"Mən film çəkib onu birbaşa "Netflix" rəhbərliyinə apara bilmərəm ki, salam, belə bir iş görmüşəm, baxın, çox yaxşı filmdir. Ora çıxmağın öz yolu var. Bu bazarı tanıyan, artıq münasibətlər qurmuş, təqdim etdiyi işlərlə etibar qazanmış prodüser, distribütor, satış agenti lazımdır. Filmi doğru adamlara çatdıracaq, onun arxasında dayanacaq biri. "Netflix" olsun, Prime Video, IVI, Okko olsun, yaxud xarici kinoteatr şəbəkəsi. Mənim fikrimcə, bu bazarlara çıxmaq üçün həmin mühitdə işləyən güclü tərəfdaşlarla əməkdaşlıq qurmalıyıq. Kimsə sənin filminin ardınca getməlidir. Onu öz işi kimi qəbul edib təqdimatı, yayımı, satışı ilə məşğul olmalıdır. Təbii ki, onun da bu əməkdaşlıqda öz marağı olacaq. Azərbaycanda filmlərimizi kinoteatrlarda göstəririk, tamaşaçımız baxır, sevir. Xarici tamaşaçıya çatmaq üçün isə o ölkələrdə də işləyən əlaqələrimiz olmalıdır".

Zaur Qasımlının sözlərinə görə, Bakı Media Mərkəzi bu istiqamətdə çox iş görüb və görməyə davam edir:

"Keçən il “Tağıyev: Neft” Azərbaycan tərəfindən “Oskar” mükafatına təqdim olunmuşdu. Filmin beynəlxalq tanıtımı üçün Los-Ancelesə getdik. Oradakı “Ross House”da filmi Hollivud kino sənayesinin nümayəndələrinə, o cümlədən Kino Akademiyasının üzvlərinə göstərdik. Nümayişdən sonra mən tamaşaçıların suallarını cavablandırdım, film haqqında söhbət etdik. Bu il isə “Tağıyev”in dördüncü hissəsini, “Məktəb”i təqdim edirik. Öz imkanlarımızla çalışırıq və ümid edirik ki, bu dəfə daha irəli gedə biləcəyik.

Ona görə filmlərimizin xaricdə tanınması üçün bu əlaqələri qurmağı çox vacib hesab edirəm. Həm belə mütəxəssisləri özümüz yetişdirməliyik, həm də artıq beynəlxalq bazarda işləyən insanlarla iş birliyi qurmalıyıq. Filmimizin xarici tamaşaçıya gedib çatacağı yol olmalıdır. Burada bizim üzərimizə iki iş düşür. Əvvəlcə keyfiyyətli film çəkməyi bacarmalıyıq. Hekayəsi maraqlı olsun, dramaturgiyası işləsin, texniki baxımdan tələb olunan səviyyədə olsun. Sonra da o filmi qurduğumuz əlaqələr vasitəsilə tamaşaçının qarşısına çıxarmalıyıq. Filmə baxılmalıdır ki, tamaşaçı onun haqqında qərar verə bilsin. Məncə, biz istehsalla yanaşı, işin bu tərəfinə də ciddi vaxt və əmək ayırmalıyıq".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən