İçərişəhərdə tarixi əhəmiyyətli bina qoruq idarəsinin balansından çıxarıldı - QƏRAR
Nazirlər Kabineti İçərişəhərdə yerləşən qeyri-yaşayış binası ilə bağlı qərar qəbul edib.
Redaktor.az xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin balansında olan abidələrin və qeyri-yaşayış obyektlərinin siyahısının 67-ci hissəsi ləğv edilib.
Söhbət 3-cü Böyük Qala döngəsi, 5 ünvanında yerləşən, 2160 inventar nömrəli qeyri-yaşayış binasından gedir. 2008-ci ildə təsdiq edilmiş siyahıda bu obyekt yerli əhəmiyyətli kimi təsnif edilib.
Beləliklə, yeni qərarla həmin bina “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin balansında olan obyektlərin siyahısından çıxarılıb.
Qeyd edək ki, siyahıdan çıxarılma binanın tarixi abidə statusunun ləğvi və ya mülkiyyətçisinin dəyişməsi anlamına gəlmir. Qərarda bu barədə hər hansı müddəa yoxdur.
T.İSMAYIL













