“Saat 6-nı gözləyirəm” müharibənin və Zəfərin kitabıdır - Qulu Ağsəs
“MİMTA Yayınları” nəşriyyatında çap olunan “Saat 6-nı gözləyirəm” kitabı Vətən mövzusunda, müxtəlif istiqamətlərdə yazılmış esselərdən ibarətdir. Sevindirici haldır ki, yeni kitabım oxucular tərəfindən böyük maraqla qarşılanır.
Redaktor.az xəbər verir ki, bu fikirləri "Azərtac"a açıqlamasında müəllif, şair Qulu Ağsəs deyib.
Onun sözlərinə görə, kitabın əsas ideyasını - onun mənəvi nüvəsini isə məhz adında ifadə olunan fikir təşkil edir.
"44 günlük Vətən müharibəsi dövründə hər birimiz səhər saat 6-nı, cəbhədən gələcək yeni xəbərləri səbirsizliklə gözləyirdik. Müharibə səhər saatlarında başlamışdı və sonrakı günlərdə də hər səhər yeni xəbərlərin intizarında idik. Mən bu hissləri yaşamışamsa, yəqin ki, Azərbaycanın milyonlarla vətəndaşı da eyni duyğuları keçirib. Əks halda, belə böyük Qələbəni qazanmaq mümkün olmazdı. Məhz buna görə esselərimdən birini “Saat 6-nı gözləyirəm” adlandırmışdım. Sonradan həmin yazıları kitab şəklində nəşr etdirmək qərarına gələndə nəşriyyatla birlikdə bu adı seçdik. Bu, müharibənin və Zəfərin, Azərbaycanın və Qarabağın kitabıdır", - deyə Q.Ağsəs əlavə edib.
Yazıçı bildirib ki, kitabda, eyni zamanda, cəmiyyətin yaxşı tanıdığı insanlara fərqli baxış təqdim olunur. Burada müxtəlif tanınmış şəxslər haqqında esselər yer alıb. Oxucuların müəyyən obrazda tanıdıqları bu insanlar yazılarda özlərini başqa rakursdan görə bilərlər. Elə yazıçının əsas vəzifələrindən biri də budur: hamının dediyini təkrarlamamaq, hamının baxdığı yerə fərqli nəzərlə baxmaq, başqalarının görmədiyini görmək.













