"Yaban"ın baş aşpazı beynəlxalq yarışdan danışdı: "10 ölkənin qatıldığı yarışmadan 5 medalla qayıtdıq"

 08:55 24.11.2026     35

10-15 noyabr tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən “International Istanbul Culinary Cup 2026” beynəlxalq kulinariya çempionatında Azərbaycan komandası da iştirak edib. Müxtəlif ölkələrdən peşəkar aşpazları və qastronomiya nümayəndələrini bir araya gətirən yarışmada ölkəmizi təmsil edən komandaya "Yaban Xətai" və "Yaban Premium" restoranlarının baş aşpazı, "Chefs League International" təşkilatının İdarə Heyətinin üzvü Amid Mirzayev kapitanlıq edib.

Redaktor.az Azərbaycan nümayəndə heyətinin kapitanı Amid Mirzayevlə söhbətləşib və onun yarışma ilə bağlı fikirlərini öyrənib.

O bildirib ki, Azərbaycan komandasının kapitanı kimi yarışmada iştirak etmək onun üçün böyük məsuliyyət olub:

“Yarışmada Azərbaycanla yanaşı, ümumilikdə 10 ölkənin təmsil olunması, fərqli mətbəxlərin və kulinariya ənənələrinin nümayiş etdirilməsi tədbiri daha da maraqlı və həyəcanlı edirdi. Mənim üçün ən böyük həyəcan isə komandamızın tərkibində gənclərimizin də yer alması və onların beynəlxalq səviyyədə bacarıqlarını nümayiş etdirməsi idi.

Gənclərin yarışmaya hazırlanması prosesində üzərimə düşən məsuliyyət daha da artırdı. Onların həm peşəkar bacarıqlarını inkişaf etdirmək, həm də yarış zamanı özlərini inamlı hiss etmələrini təmin etmək üçün böyük əmək sərf etdik.

Amid Mirzayev komandanın nəticəsinin onun üçün çox vacib olduğunu vurğulayıb:

“Təbii ki, komandanın əldə edəcəyi nəticə mənim üçün çox vacib idi. Hər bir iştirakçının uğurlu çıxış etməsini və Azərbaycanı layiqincə təmsil etməsini istəyirdim. Bu səbəbdən yarışma boyunca həm böyük həyəcan, həm də məsuliyyət hissi ilə çalışırdım”.

Müsahibimiz komandanın yarışmanı uğurlu nəticələrlə başa vurduğunu vurğulayıb:

“Ümumilikdə 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazandıq.

O, gənc aşpazların milli mətbəximizi müasir yanaşma ilə təqdim etmələrindən qürur duyduğunu bildirib:

“Xüsusilə qeyd etmək istəyirəm ki, gənclər Azərbaycan milli mətbəxinə aid yeməkləri müasir hazırlanma üsulları və təqdimatla nümayiş etdirdilər. Milli kulinariya irsimizi qorumaqla yanaşı, onu müasir yanaşma ilə beynəlxalq arenada təqdim etmək əsas məqsədlərimizdən biri idi. Gənclərin bu səviyyədə çıxış etməsi və zəhmətlərinin medallarla qiymətləndirilməsi mənim üçün böyük qürur idi”.

Amid Mirzayev beynəlxalq kulinariya yarışlarında kifayət qədər təcrübəyə malik olduğunu da qeyd edib:

“Bir çox ölkədə keçirilən müsabiqələrdə iştirak etmişəm. 2023-cü ildə “Kazan Forum – Chef Cup” yarışmasının qalibi olmuş, həmin müsabiqədə 2 qızıl və 2 gümüş medal qazanmışam. Eyni zamanda, Türkiyədə keçirilən müxtəlif kulinariya yarışlarının da qalibi olmuşam.

Həmsöhbətimiz bu təcrübənin gənc aşpazların inkişafına töhfə verdiyini diqqətə çatdırıb:

“Bu təcrübələr beynəlxalq yarışların tələb və meyarlarını daha yaxşı anlamağıma, qazandığım bilik və bacarıqları gənc aşpazlara ötürməyimə imkan verir. İnanıram ki, gənclərimizin bu cür beynəlxalq tədbirlərdə iştirakı onların gələcək peşəkar inkişafına mühüm töhfə verəcək və Azərbaycanı dünya kulinariya arenasında daha uğurla təmsil etmələrinə şərait yaradacaq”.

Xədicə BAXIŞLI

22222
Vumart və Güvən reklamı Vumart Güvən