ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı - FOTO
Azərbaycan Dillər Universiteti (ADU) beynəlxalq təhsil əlaqələrinin genişləndirilməsi istiqamətində daha bir mühüm işə imza atıb. Noyabrın 26-da Azərbaycan Dillər Universiteti ilə Çin Xalq Respublikasının Sincan Maliyyə və İqtisad Universiteti arasında onlayn formatda qarşılıqlı anlaşma memorandumunun imzalanma mərasimi keçirilib.
Redaktor.az xəbər verir ki, memorandum iki ali təhsil müəssisəsi arasında akademik əlaqələrin inkişaf etdirilməsi, təhsil və elmi-tədqiqat sahələrində əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılması və birgə layihələrin həyata keçirilməsi baxımından əhəmiyyət daşıyır.
İmzalanma mərasimində ADU-nun rektoru, akademik Kamal Abdulla və universitet rəhbərliyi iştirak edib.
ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Jalə Qəribova çıxış edərək universitetin tarixi, fəaliyyəti, təhsil proqramları, beynəlxalq əlaqələri və əsas inkişaf istiqamətləri haqqında ətraflı məlumat verib.
Jalə Qəribova ADU-nun beynəlxalq əməkdaşlığa xüsusi önəm verdiyini, müxtəlif ölkələrin ali təhsil müəssisələri ilə əlaqələrin genişləndirilməsinin universitetin prioritet istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb.
ADU-nun rektoru, akademik Kamal Abdulla çıxışında Azərbaycanla Çin arasında münasibətlərin, o cümlədən təhsil sahəsində əlaqələrin inkişafının əhəmiyyətini vurğulayıb.
Rektor universitetlərarası əməkdaşlığın hər iki ali təhsil müəssisəsi üçün yeni imkanlar yaradacağını, akademik və elmi əlaqələrin genişlənməsinə töhfə verəcəyini qeyd edib.
Qeyd olunub ki, ölkə rəhbərləri arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətləri iki ölkə arasında əlaqələrin, o cümlədən təhsil və elm sahəsində əməkdaşlığın inkişafı üçün geniş imkanlar yaradır.
Bu baxımdan, iki universitet arasında imzalanan memorandumun qarşılıqlı əlaqələrin genişləndirilməsinə və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə töhfə verəcəyi vurğulanıb.
Bildirilib ki, ADU-da fəaliyyət göstərən Konfutsi İnstitutu da Azərbaycan-Çin əlaqələrinin, xüsusilə təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın inkişafına öz töhfəsini verir.
Sincan Maliyyə və İqtisad Universitetinin rektoru Gao Zhigang çıxışında Azərbaycan Dillər Universiteti ilə əməkdaşlığın qurulmasını yüksək qiymətləndirib. O, iki ali təhsil müəssisəsi arasında imzalanan memorandumun akademik əlaqələrin genişləndirilməsi, təhsil və elmi-tədqiqat sahələrində təcrübə mübadiləsinin aparılması üçün yeni imkanlar yaradacağını bildirib.
Gao Zhigang Azərbaycan və Çin arasında mövcud dostluq münasibətlərinin universitetlərarası əməkdaşlığın inkişafına müsbət təsir göstərdiyini vurğulayıb.
Rektor gələcəkdə müəllim və tələbə mübadiləsi, birgə elmi layihələr və digər akademik təşəbbüslər istiqamətində əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını ifadə edib.
Daha sonra Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla və Sincan Maliyyə və İqtisad Universitetinin rektoru Gao Zhigang tərəfindən iki ali təhsil müəssisəsi arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb.
Qeyd edək ki, Sincan Maliyyə və İqtisad Universiteti Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Rayonunun Urumçi şəhərində yerləşir. 1950-ci ildə əsası qoyulan universitet iqtisadiyyat, maliyyə, idarəetmə və digər istiqamətlər üzrə ali təhsil və elmi-tədqiqat fəaliyyəti həyata keçirir.
Universitet bakalavriat və magistratura səviyyələrində müxtəlif təhsil proqramları təklif edir, beynəlxalq akademik əməkdaşlığın inkişafına da xüsusi diqqət yetirir.



























