Şəhid Şövqiyar Abdullayev YAD EDİLDİ

 18:23 09.04.2019     592

Bu gün Texniki Universitetdə Azərbaycanın Milli qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Şövqiyar Cəmil oğlu Abdullayevin 50 illik yubileyi keçirilib.

Müdafiə Nazirliyi, Veteran Tankçılar İctimai Birliyi və Texniki Universitetin təşəbbüsü ilə keçirilən tədbirdə şəhidin tələbəlik illəri, eləcə də Qarabağ münaqişəsində keçdiyi döyüş yolu barədə ətraflı məlumat verilib. Tədbirin aparıcısı tanınmış hərbi diktor, vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlının ifaları dinlənilib. 

Redaktor.az xəbər verir ki, Şövqiyar Abdullayev 1969-cu il aprelin 5-də Göyçə mahalı Basarkeçər rayonunun Nərimanlı kəndində  dünyaya gəlib. O, 1986-ci ildə orta məktəbi bitirərək, Politexnik İnstitutuna daxil olub. Birinci kursu bitirdikdən sonra hərbi xidmətə çağırılıb. 1989-cu ildə Monqolustanda hərbi xidmətini başa vurub. 1992-ci ildə Dağlıq Qarabağda döyüşlər başlayanda, o, yeni yaradılan Milli Ordu sıralarına yazılaraq, Ağdamda təşkil olunan tank briqadasına komandir təyin edilib.Onun səyləri nəticəsində Drambon kəndi erməni-rus birləşmələrindən təmizlənib. 

Hər iki ayağından yaralanan tank komandiri Ağdam hərbi hospitalına göndərilib.O, tam sağalana qədər müalicə olunmaqdan imtina edərək, yenidən cəbhəyə qayıdıb. Şövqiyar Abdullayev 27 avqust 1992-ci ildə çox ağır döyüşlərdən birində, öz yoldaşlarını əsir düşməkdən xilas edərkən qəhrəmancasına şəhid olub.

Qeyd edək ki, Şövqiyar Abdullayev Cəmil Abdullayevin oğlu, Texnika elmləri namizədi Malik Abdullayevin qardaşı oğludur.

Sevda Bayramova /REDAKTOR.AZ