"Bu sərəncam teatrların maddi-texniki bazasını gücləndirəcək" - Elman Rəfiyev

 11:34 18.04.2019     586

"Yeni sərəncam teatrların maddi-texniki bazasının gücləndirilməsinə qulluq edəcək".

Bu sözləri Dövlət Pantomima Teatrının direktoru, əməkdar artist Elman Rəfiyev Redaktor.az-a açıqlamasında bildirib.

O, bildirib ki, yeni sərəncam tamaşaçıların teatra olan marağını artıracaq:

“Prezidentin bu sərəncamı teatrımızın kollektivini çox sevindirdi. Özümün və kollektivimizin adından cənab prezidentə təşəkkürümü bildirirəm. Prezident İlham Əliyev incəsənət adamlarına hər zaman diqqət göstərib. Maaşların 50% qalxması, "Azərbaycan teatrlarının inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsi haqqında" sərəncam teatr sahəsinin inkişafına müsbət təsir edəcək. Yeni sərəncam teatrların maddi-texniki bazasının gücləndirilməsinə qulluq edəcək. Bu isə müasir avadanlıqlarla təmin olunan yeni tamaşaların ərsəyə gəlməsinə səbəb olacaq”. 

Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov isə Redaktor.az-a açıqlamasında qeyd edib ki, bu sərəncam teatr sahəsinin inkişafına ciddi təsir göstərəcək:

“Prezidentin sərəncamı teatrların ümumi yaradıcılıq prosesinə dəstək xarakteri daşıyır. Yeni sərəncam teatrların maddi-texniki bazasının gücləndirilməsinə xidmət edəcək”.

Qeyd edək ki, prezident İlham Əliyev ötən gün "Azərbaycan teatrlarının inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsi haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən, ehtiyat fondundan Mədəniyyət Nazirliyinə 1,2 milyon manat, teatrların hər birinə isə 100 min manat ayrılsın.

Gülşən Şərif /Redaktor.az