Xalq artisti Flora Kərimova haqqında FİLM ÇƏKİLİB - Sənətçilərdən AÇIQLAMA / FOTOLAR

 15:34 24.04.2019     717

Bir çox dünyaca məşhur sənətkarlar haqqında bədii filmlər çəkilir. Buna nümunə olaraq Müslüm Gürsəsin adına çəkilən “Müslüm” filmini göstərmək olar. Ekran işində sənətçinin faciəvi həyatı və yaradıcılığı əks olunub.

Redaktor.az xəbər verir ki, Azərbaycanda Əli Zeynalov, Rəşid Behbudov və bir çox məşhur sənətkarlarımız barəsində kino çəkilib.

Bəs görəsən, daha hansı sənətkarlarımız özü haqqında film çəkilməsini istəyərdi?

Redaktor.az-a danışan Xalq artisti Alim Qasımov bildirdi ki, onun həyat və yaradıcılığını əks etdirən filmin çəkilməsini və gənc nəslə ondan yadigar qalmasını istəyir:

“Mən istərdim ki, haqqımda film çəkilsin. Orada həyatım, musiqiyə bəxş etdiyim nümunələr əks olunsun. Amma bu film elə-belə olmamalıdır, yüksək səviyyədə çəkilməlidir. Mənə bir neçə dəfə bununla bağlı təklif gəlib, amma razılaşmamışam. Çünki istədiyimi almırdım onlardan. Əsərlərimin elə hamısı bir filmə bərabərdir".

Xalq artisti Flora Kərimova isə oxucularımız üçün şad xəbər verdi:

“Mənim haqqımda artıq bir film çəkilib. Təqdimatını isə yayda etməyi düşünürəm. Ekran əsəri “Flora” adlanır. Rejissoru Nigar Mecidovadır".

Xalq artisti Arif Babayev Redaktor.az-a açıqlamasında təklif olunan hər bir əsərə razılıq verəcəyini dedi:

“Mənim haqqımda üç-dört film çəkilib. Amma yenə də çəkilsə, böyük məmnuniyyətlə izləyərəm onları. Dövlət öz öhdəsinə götürüb çəksə, sevinərəm. Sənət adamıyam, ona görə də həyat və yaradıcılığımı əks etdirən istənilən layihə məni ruhlandırıb, həvəsləndirər".

Sevda Bayramova / REDAKTOR.AZ