Azərbaycanda qəbiristanlıqlar və tarixi məkanlar ASCE-yə üzv ola bilər

 12:58 30.04.2019     493

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov V Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Avropada Əlamətdar Qəbiristanlıqlar Assosiasiyasının (The Association of Significant Cemeteries in Europe - ASCE) prezidenti Lidiya Pliberşeklə görüşüb.

Nazirlikdən Redaktor.az-a verilən məlumata görə, qonağı səmimiyyətlə salamlayan Dövlət Xidmətinin rəisi Zakir Sultanov ölkəmizin mədəni irsi, tarixi abidələri haqqında məlumat verib. Bildirib ki, Azərbaycanda mədəni irsin qorunması, bərpası və təbliği məsələləri daim diqqət mərkəzində saxlanılır. Zəngin mədəni irsə sahib olan Azərbaycanda qəbiristanlıqların, xiyabanların qorunmasına da xüsusi diqqət yetirilir. Bildirib ki, Fəxri xiyaban, Şəhidlər xiyabanı, Quba Soyqırımı Memorial Kompleksi, qədim Türk-İslam qəbiristanlıqları, alman qəbiristanlıqları və digər bu kimi məkanlar xüsusi diqqətlə qorunur.

Lidiya Pliberşek Qobustan Milli Tarix-Bədii Qoruğu, Fəxri xiyaban və Şəhidlər xiyabanında olduğunu qeyd edib. Bildirib ki, burada gördükləri onda ölkəmiz haqqında böyük maraq doğurub. Sloveniyanın Maribor şəhərində yerləşən və müharibə qurbanlarına həsr olunan Dobrava Memorial Park Kompleksi ərazisində Xocalı soyqırımının qurbanlarına həsr olunan xatirə lövhəsinin qurulmasını xatırladan qonaq Azərbaycanla bu sahədə daha sıx əməkdaşlıqda maraqlı olduqlarını ifadə edib.

Rəhbəri olduğu təşkilat haqqında məlumat verərək deyib ki, Avropada Əlamətdar Qəbiristanlıqlar Assosiasiyası tarixi və ya bədii əhəmiyyətə malik qəbiristanlıqlara qayğı göstərən dövlət və özəl təşkilatlardan ibarət Avropa şəbəkəsidir. Qlobal xarakterli qeyri-kommersiya təşkilatı olan ASCE-nin əsas məqsədi Avropa qəbiristanlıqlarının insanlığın mədəni irsinin əsas hissəsi kimi təbliğ etməkdir. 2001-ci ildə yaradılan ASCE bu gün 22 ölkədə 180-dən çox əhəmiyyətli qəbiristanlıqları özündə birləşdirir.

Lidiya Pliberşek Azərbaycanın Avropada Əlamətdar Qəbiristanlıqlar Assosiasiyası və Avropa Qəbiristanlıqları Marşrutuna üzv olması məqsədilə Əlamətdar Qəbiristanlıq və ya tarixi məkanların müəyyənləşdirilməsi istiqamətində əməkdaşlığın inkişafında maraqlı olduqlarını dilə gətirib. Azərbaycanda mövcud olan bir neçə qəbiristanlıq və tarixi əhəmiyyət daşıyan məkanların bu quruma üzv olmasının önəmli olduğunu vurğulayıb.

Görüşdə bu istiqamətdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Zakir Sultanov ölkəmizin bu qurumla əlaqələrin inkişafında maraqlı olduğunu və bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, qonaq ölkəmizə səfər çərçivəsində Şamaxı, Quba və Qəbələdə bir sıra tarixi məkanları ziyarət edəcək.