Vahid media məkanına nə mane olur? – Tanınmış aparıcıdan AÇIQLAMA

 17:11 07.05.2019     948

Vahid media məkanının formalaşması və təkmilləşməsi ortaq türk dilinin formalaşmasına da gətirib çıxara bilər.

Tanınmış teleaparıcı Turan İbrahimov Redaktor.az-a açıqlamasında Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi, şöbə müdiri Əli Həsənovun Türk Şurasına üzv dövlətlərin öz ərazilərində bir-birinin dövlət və İctimai Televiziyalarının yayımını təşkil etməsi ilə bağlı təklifinə münasibət bildirib. Aparıcı hesab edir ki, bu təklif çox yerində və aktualdır:

“Bu məsələ uzun müddətdir ki, müzakirə olunur. Hətta Türk Şurasının təsis edildiyi dövrdə də bununla bağlı təkliflər olmuşdu. Ümumiyyətlə, tək televiziyalarla deyil, müxtəlif istiqamətlər üzrə əməkdaşlıqlarla bağlı təkliflər səsləndirilsə də, bunların həyata keçirilməsinə nail olunmayıb. Dövlət və İctimai televiziyaların qarşılıqlı türk dövlətlərinin ərazisində yayımlanması çox vacib məsələdir. Bu həm də vahid türk media mühitinin fomalaşması deməkdir. Bundan əlavə əgər sonradan bu prosesə digər kommersiya kanalları da qoşularsa, proses vahid reklam bazarının formalaşmasına da gətirib çıxarar. Yəqin ki, müəyyən şəxslərə bu məlumdur. Keçmiş sovet - Qafqaz, Orta Asiya ölkələri üzrə müəyyən transmilli şirkətlərin nümayəndəliklərinin baş ofislərinin Bakıda, Nur Sultanda yerləşdirilməsi üçün reklam büdcələri ayrılar. Əgər qarşılıqlı televiziyalar yayımlanarsa, reklam büdcələri perspektivdə bütün ölkələrin auditoriyalarını nəzərə almaqla bölünər. Bu da televiziyaların inkişafı baxımından əlavə dividentlər gətirər”.

T.İbrahimov qeyd edib ki, Tükriyə və Azərbaycan arasında bu praktika özünü doğruldub:

“Ümidvaram ki, digər türk dövlətləri ilə də bunun həyata keçirilməsi mümkün olacaq. Düşünürəm ki, Qazaxıstan və Qırğızıstanda bu məsələnin gecikdirilməsinin səbəbi Rusiya faktoru ilə əlaqəlidir. Rusiyanın müəyyən dairələrinin  bu məsələlərə isti münasibətinin olmadığı məlumdur. Özəl televiziyalarımız, xüsusilə də Xəzər TV və ATV Özbəkistanda və Türkmənistanda geniş izlənilir. Hətta bizim seriallarımız, estrada müğənnilərimiz həmin ölkələrdə çox məşhurdur. Özüm bunun dəfələrlə şahidi olmuşam. Bu da nəticə etibarı ilə Azərbaycan danışıq dialektikasının Özbəkistan və Türkmnistanda populyarlaşmasına gətirib çıxarır”.

Xatırladaq ki, Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, şöbə müdiri Əli Həsənov Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin II toplantısında çıxışı zamanı maraqlı təkliflə çıxış edib:

“Təklif edirəm ki, Azərbaycanın dövlət və İctimai Televiziyası Türk Şurasına üzv dövlətlərdə yayımlansın. Eyni zamanda, həmin dövlətlərin də dövlət və ictimai televiziyaları Azərbaycanda yayımlansın”.

Firuzə Vahid / REDAKTOR.AZ

Vumart və Güvən reklamı Vumart Güvən