“Səndən doymadım, ŞUŞA” - Şuşalı məşhurlar DANIŞDILAR

 16:00 08.05.2019     1251

Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Şuşa şəhərinin Ermənistan tərəfindən işğal olunmasından 27 il ötür.

Ötən illər nə qədər uzun olsa da, Şuşanı unutdura bilməz. Xususilə bu şəhərdə doğulub, boya-başa çatanlar üçün.....

Redaktor.az şuşalı məşhurların fikirlərini təqdim edir:

Xalq artisti Firəngiz Mütəllimova Şuşadan doymadığını dilə gətirdi:

“Şuşanın işğalından bu yana hamısı mənim xatirələrimdir. İstəmirəm Şuşa həyatımda xatirəyə çevrilsin. Səndən doymadım Şuşa. İnşaallah göz dolusu görərik. Doğulduğum gündən, uşaqlığım, gəncliyim, atam, anam, evimiz... Şuşanın hər bir nöqtəsində xatirəm var. Ən çox ürəkdən orada gülmüşəm. Vətənim hər gün yuxumdadır, oranın çiçəklərinin ətrini heç nədən ala bilmirəm".

Əməkdar artist Tahir İmanov Şuşa haqqında danışmağa çətinlik çəkdi:

“Həyatımın ən çətin günüdür. Şuşa hər gün mənim yanımdadır. Onu məhz bu gün yox, hər gün yada salmaq lazımdır".

Xalq artisti Flora Kərimova da Şuşa üçün darıxıb:

“Ağrı və acıdan başqa heç bir təəssüratım yoxdur. Mən, o insanlardan deyiləm ki, odu söndürüm, közü ilə oynayım. Şuşamı, Qarabağımı, vətənimi istəyirəm. Heç vaxt onu itirmək fikri ağlıma gəlməyib. Onun sərvətini daşıyıram. Mənim sənətim, səsim Şuşadan qalan sərvətimdir".

Sevda Bayramova / REDAKTOR.AZ