"Çox istərdim, davamçım olsun" - Xalq artistlərindən AÇIQLAMALAR

  11:03 12.06.2019         101

İstər musiqi, istərsə də aktyorluq sahəsində əksər dünya ulduzunun davamçısı, onun yolu ilə gedən var.

Azərbaycanın dahi sənətkarlarının, Xalq artistlərinin necə, davamçıları varmı?

Xalq artisti Arif Quliyev Redaktor.az-a bildirdi ki, davamçısı yoxdur:

“Davamçım yoxdur. Çünki müraciət olunmayıb. İstedadı olan, sənətə gəlmək istəyən gənc mənə desə, köməklik et, mütləq edərdim. Təəssüf ki, elə adam olmayıb. Çox istərdim, davamçım olsun. Amma nə Arif Quliyevin, Nəsibə Zeynalovanın, Hacıbaba Bağırovun, nə də Səyavuş Aslanın davamçısı yoxdur. Hər kəsin özünəməxsus dəsti-xətti var. Düzdür, komediya janrında çox güclü gənc nəsil yetişib. Onlardan Elməddin, Fərda, Elcan, Müşviq, Rafael, Coşqun, Tahir, Cabir İmanov qardaşlarının adını çəkə bilərəm”.

Xalq artisti Afaq Bəşirqızı Ülviyyə, Dilarə Əliyeva haqqında danışdı:

“Davamçı sözü mənim üçün qəribədir. Çünki hər kəsin öz yolu var. Davam etmək, sanki eyni işi təqdim etməyə bərabərdir. Dilarə Əliyevanın tərzi, yolu tamam başqadır. Ülviyyə Əliyeva isə hələ gəncdir. Hələ ki özünü axtarır, amma ümidvericidir. Hər şey ola bilər. Amma istərdim ki, Ülviyyə özü olsun. Heç kəsin davamçısı olmasın”.  

Xalq artisti Hacı İsmayılov Redaktor.az-a açıqlama verdi:

“Hacı İsmayılovun davamçısı yoxdur. Heç kimlə xüsusi olaraq məşğul olmuram. Hər aktyor bir fərddir. Onun təkrarı çətin ola bilər. Aktyorluq sənətini davam etdirənlər var. Akademik Milli Dram teatrında çoxlu gənc aktyorlar yetişir. Onların arasında güclüsü, zəifi də var. Hər birinin özünəməxsus görünüşü, səsi, istedadı, enerjisi var. Estafeti rahatlıqla onlara verə bilərik”.

Sevda Bayramova / REDAKTOR.AZ