Qazax və erməni dillərinin heç bir oxşar cəhətləri yoxdur - Filoloq AÇIQLADI

 18:25 11.06.2019     2334

“Qazax və erməni dillərinin fərqli cəhətləri kifayət qədərdir”.

Bu sözləri AMEA Nəsimi adına Dilçilik İnstitutu Türk dilləri şöbəsinin müdiri, “Türkologiya” jurnalının məsul katibi, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov Redaktor.az-a açıqlamasında bildirib.

Qazaxıstanın yeni seçilən prezidenti Qasım-Jomard Tokayevin erməni dili ilə bağlı fikrinə münasibət bildirən E. İbrahimov qeyd edib ki, erməni dili ilə qazax dilini uyğunlaşdırmaq çox absurd yanaşmadır:

“Hörmətli prezident Tokayevin fikri çox vaxtsız və əssasızdır. Əlbəttə ki, erməni lobbisi və saytları Tokayevin açıqlamasından öz mənfəətləri üçün istifadə edəcəklər. Lakin bu məsələdə ortaq məntiqə və elmə söykənən bir fakt yoxdur. Hətta bu cür yanaşma absurddur. Hazırkı erməni dili hind-avropa dil ailəsinə aiddir. Yəni, qazax dili ilə heç bir oxşar cəhətləri yoxdur və ola da bilməz.  Tarixən qədim erməni əlifbası ilə qıpçaq mətnləri yazılıb. Məsələn, qanunlar, maliyyə sənədləri və s. Lakin bu, həmin iki dilin heç də yaxınlığı və ortaqlığı demək deyil”.

Qeyd edək ki, Qazaxıstanın yeni seçilən prezidenti  Qasım-Jomart Tokayev “Ermənistanın səsi” qəzetinə açıqlamasında Ermənistanla tarix və hətta dil baxımından ortaq nöqtələrinin olduğunu bildirib.

Gülşən Şərif / Redaktor.az