Bakıda I Respublika Xalq Teatrları Konfransı keçirilib

 12:37 25.06.2019     6606

İyunun 25-də Muzey Mərkəzində I Respublika Xalq Teatrları Konfransı keçirilib.

Redaktor.az-ın apa.az-a istinadən verdiyi məlumata görə, III Respublika Xalq Teatrları Festivalı çərçivəsində keçirilən konfrans "Xalq teatrları peşəkar səhnənin beşiyidir" adlanır. 

Mədəniyyət nazirinin müavini Rafiq Bayramov çıxışında bildirib ki, Xalq teatrlarına həsr olunmuş konfrans ilk dəfə keçirilir: "Məqsədimiz Azərbaycan tear ənənələrinin qorunması, peşəkar teatr üçün baza rolunu oynayan xalq teatrları və dram dərnəklərinin fəaliyyətinin stimullaşdırılması, gənc nəslin marağınının bu sahəyə artırılmasıdır. Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq İnstitutlarının nümayəndələri də iştirak edirlər. Düşünürəm ki, elmi müzakirələrin keçirilməsi xalq teatrlarının inkişafına öz töhfəsini verəcəkdir". 

 

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev qeyd edib ki, III Xalq Teatrları Festivalının məqsədi həvəskar aktyorların qiymətləndirilməsi və stimallaşdırılmasıdır: "Hədəfimiz xalq teatrlarının populyarlaşdırılması, bu fəaliyyət növünün cəmiyyətdə tanıdılmasına dair yeni üsulların aşkar edilməsindən ibarətdir".

Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev bir neçə rayonda xalq teatrlarının yaradılması üzrə işlər görüldüyünü diqqətə çatdırıb: "Artıq Quba, Xaçmaz, Şabran rayonlarında xalq teatrları yaradılıb. Bu teatrlarn yaradılmasında Qusar Dövlət Ləzgi Dram Teatrının bazasından geniş istifadə edilib". 

Konfransda xalq artisti Taryel Qasımov, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu, Musiqi folkloru şöbəsinin müdiri Nailə Rəhimbəyli də çıxış ediblər. 

Konfrans çərçivəsində "Xalq teatrlarına dövlət qayğısı" və "Xalq teatrlarının perspektivləri" panelləri üzrə "Azərbaycan teatrının tarixi və inkişafı", "Xalq teatrlarının gənclərin estetik tərbiyəsində rolu", "Xalq teatrlarımız zamanın axarında" və başqa mövzularda çıxışlar olub. 

Sonda iştirakçılara sertifikatlar təqdim edilib.