Luvr Muzeyində saxlanılan 3 xalça Azərbaycanda nümayiş olunub - FOTO

 23:39 02.07.2019     1044

UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Azərbaycan Xalça Muzeyində “Azərbaycan mədəni irsi Luvr Muzeyində” adlı sərgi keçirilib. 


Redaktor.az-ın məlumatına görə, sərginin açılışında Baş nazirin müavini Əli Əhmədov, Mədəniyyət Naziri Əbülfəs Qarayev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva və xarici qonaqlar iştirak ediblər.

 

Nazir Ə.Qarayev bildirib ki, UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində bir sıra tədbirlər həyata keçirilir: "O cümlədən bu təqdimat da həmin tədbirlər silsiləsinə daxildir. Sərgi Fransa səfirliyi ilə birlikdə həyata keçirilir. Bu gün sərgidə Luvr Muzeyində saxlanılan 3 Azərbaycan xalçası ilk dəfə nümayiş olunacaq. Sevindirici haldır ki, bu xalçaların üzərində artıq Azərbaycanın etiketi yazılır. Bu o deməkdir ki, dünyanın ən nüfuzlu muzeylərindən birində Azərbaycan xalqının yaradıcılığına məxsus əl işləri saxlanılır. Bu faktı artıq bütün dünya qəbul edir. Hesab edirəm ki, UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına gəlmiş qonaqlara bu faktı təqdim etməklə biz öz böyük mədəniyyətimizi əyani surətdə təqdim etməyə müvəffəq olduq".

Fransanın Azərbaycandakı səfiri xanım Aurelia Buşez Azərbaycan Xalça Muzeyinin əməkdaşlıq üçün məhz Luvr Muzeyini seçdiyinə görə sevindiyini bildirib: "Bu sərgi vasitəsilə Fransa UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında ön plana keçmişdir. Biz bununla fəxr edir və Azərbaycana təşəkkürümüzü bildiririk. Mən bu münasibətlə  Vitse-prezident Mehriban xanım Əliyevaya da təşəkkürümü bildirirəm. Fürsətdən istifadə edərək qeyd etmək istərdim ki, xanım Əliyeva Heydər Əliyev Fondu vasitəsi ilə Luvr Muzeyində yerləşən İslam İncəsənəti İdarəsinin və bu gün nümayiş olunan xalçaların bəzilərinin bərpasına maddi yardım göstərib". 

Xalça Muzeyinin direktoru Şirin Məlikova qeyd edib ki, “Azərbaycan mədəni irsi Luvr Muzeyində” adlı sərgi bu Xalça Muzeyi üçün çox önəmlidir: "Luvr Muzeyi ilə əməkdaşlıq çərçivəsində onun daimi ekspozisiyasından 3 xalça təqdim olunur. Bunlar 18, 19 və 20-ci əsrin əvvəllərində hazırlanmış xalçalardır. Xalçalar sentyabrın 30-a qədər nümayiş olunacaq".