Plenar iclasda Asiya-Sakit okean regionunda yerləşən milli parkların vəziyyəti müzakirə olunub

 16:47 03.07.2019     561

Ümumdünya İrs Komitəsinin sessiyası çərçivəsində iyulun 1-də keçirilən plenar iclasın növbəti müzakirəsi Asiya-Sakit okean regionunda yerləşən milli parkların vəziyyətinə həsr olunub.

Redaktor.az-ın trend.az-a istinadən verdiyi məlumata görə, Avstraliya, Hindistan, İndoneziya, Yaponiya Hindistanın vəhşi təbiət ziyarətgahları və meşə massivlərinin Ümumdünya irsi siyahısına salınması məsələsi müzakirəyə çıxarılıb. Aparılan müzakirələrdən sonra müsbət qərar qəbul edilərək təsdiqlənib.

Avropa və Şimali Amerika regionunun milli park və təbii sistemləri ilə bağlı müzakirələr zamanı Kanadada “Meşə öküzü” milli parkının dağılmaq təhlükəsi ilə üzləşdiyi bildirilib. Milli park ərazisində yaşayan yerli icmanın nümayəndəsi bu məsələyə xüsusi diqqətin ayrılmasını xahiş edib. Kanada dövlətinin nümayəndəsi bu məsələ ilə bağlı təqdimatı alqışlayıb və bildirib ki, ölkəsi həmin ərazinin konservasiyası ilə bağlı maliyyə vəsaiti ayırıb. O, Ümumdünya İrs Komitəsini əmin edib ki, bu ərazi dövlətin nəzarətində saxlanılacaq.

Müzakirələr zamanı Latın Amerikası və Karib regionunun təbii irsi, Meksikanın Kaliforniya boğazında qorunan adaların flora və faunası, orada balıqçılıq fəaliyyəti, balina növlərinin azalması məsələləri diqqət mərkəzinə çəkilib.

Təbiətin Mühafizəsi naminə Beynəlxalq Birliyin (İUCN) nümayəndəsi bu məsələ barədə Meksika ilə əməkdaşlığı davam etdiriləcəyini və bu ərazinin təhlükə altında olan ərazilər siyahıya salınması ilə bağlı təkliflərə baxılacağını diqqətə çatdırıb. Bu problemlə bağlı müvafiq qərar qəbul edilib.

Daha sonra Avropa və Şimali Amerika regionunda qədim meşə əraziləri, milli parklar və təbii sistemlərin müzakirələri, Keniya ərazisində Ca və Çanqa qoruqlarının UNESKO-nun müvafiq siyahısına salınması ilə bağlı müzakirələr aparılıb.

Plenar iclas işini günün ikinci yarısında davam etdirəcək.