“Amaliya xanımla bağlı ən böyük istəyimiz..." - Xalq artistindən AÇIQLAMA
Ötən gün baş nazir Novruz Məmmədov mərhum Xalq artisti Amaliya Pənahova haqqında sərəncam imzalayıb.
Redaktor.az xəbər verir ki, sərəncamda Azərbaycan teatr və kino sənətinin inkişafındakı xidmətlərinə və uzun müddətli səmərəli yaradıcılıq fəaliyyətinə görə Xalq artisti Amaliya Əliş qızı Pənahovanın yaşadığı binaya (Bakı şəhəri, Fikrət Əmirov küçəsi, 1) onun xatirə lövhəsinin vurulması əksini tapıb. Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Yeni qərarla bağlı Xalq artisti Nürəddin Mehdixanlı Redaktor.az-a açıqlama verib:

“Amaliya Pənahova böyük sənətkardır. Adına küçə, mədəniyyət sarayı açmaq olar. Amma ən böyük istəyimiz onun uzun illərdir çalışdığı, yaratdığı Bələdiyyə teatrına rəsmi olaraq, onun adı verilsin, yaradıcı kollektivə çalışmaları üçün bina ayrılsın. Hesab edirəm ki, bu addım Amaliya xanımın xatirəsinə böyük hörmət və diqqət olardı”.
Bakı Bələdiyyə teatrının aktyoru Tural Əhməd müəllimini dərin ehtiramla yad edib:

"Onun ən böyük arzusu Bakı Bələdiyyə Teatrı ilə bağlı olub. Bizim rahatlığımız üçün daim var-gücü ilə çalışıb. Çox istərdik, teatrımızın binası olsun və onun adını daşısın".
Sevda Bayramova / REDAKTOR.AZ












