Hirkan meşələri Dünya İrs siyahısına daxil edilib

 12:02 05.07.2019     633

Hirkan meşələri İran tərəfindən Dünya İrs siyahısına daxil edilib.

Redaktor.az-ın apa.az-a istinadən verdiyi məlumata görə, bu qərar UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü Sessiyasında verilib.

Nominasiya verilən sahə Xəzər dənizinin sahilindəki zolaqda, 15 km sahədə yerləşir. Hirkan meşələrinin ümumi ərazisi 1 milyon yarım hektar təşkil edir. Burada hazırda 500-ə yaxın quş növü məskən salıb.

 

Müzakirələrdə Azərbaycan tərəfi də aktiv iştirak edib və gələcəkdə bu sahənin vahid bölgə kimi nominasiyaya salınmasına çalışacağını bildirib: "Üzv dövləti uğurlu nominasiya münasibəti ilə təbrik edirik. Hesab edirik ki, Hirkan meşəsi müstəsna universal dəyərə malikdir. 2006-cı ildən etibarən qəbul edilmiş qərar əsasında Azərbaycan hökuməti Hirkan meşələrinin qorunması üçün vacib işlər görüb. Bununla əlaqədar Hirkan Milli Qoruğu yaradılıb. Təəssüf ki, biz İranla birlikdə bu nominasiyanı təqdim edə bilmədik. Bu, həmçinin uğurlu əməkdaşlıq ola bilərdi. Bununla yanaşı, biz üzv dövlətlə birlikdə birgə qovluğun hazırlanmasına çox sevinərdik".