Babil Dünya İrs Siyahısına daxil edilib

 18:49 05.07.2019     685

İraq ərazisində yerləşən tarixi Babil şəhəri Dünya İrs Siyahısına daxil edilib.

Redaktor.az-ın məlumatına görə, bu qərar UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında verilib.

Babilin Dünya İrs Siyahısına deyil, Təhlükəli Vəziyyətdə olan Abidələrin Siyahısına daxil edilməsi müzakirə edilsə də, İraq nümayəndə heyəti çıxış edərək təkidlə UNESCO-ya üzv dövlətləri Babil şəhəri və Mesopotomiya ilə bağlı qərara səs verməyə çağırıb.

İraq nümayəndə heyəti bu istiqamətdə hələ ötən əsrin 80-ci illərindən iş apardıqlarını, lakin müharibələrin bu işi başa çatdırmağa imkan vermədiyini bildiriblər. Nəhayət, qərar bənd-bənd səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasının bugünkü müzakirələrində Braziliyanın təqdim etdiyi “Parati – Mədəniyyət və biomüxtəliflik” nominasiyası və Burkina Fasonun təqdim etdiyi qədim polad metallurgiya abidələri də Dünya İrs Siyahısına qəbul olunub.