"Televiziyalarda xarici dillərin sözlərindən çox istifadə olunur" - Qulu Məhərrəmli

 16:37 01.08.2019     1584

1 Avqust Azərbaycan əlifbası və Azərbaycan dili günüdür.

Hazırda Azərbaycanın efir məkanında fəaliyyət göstərən aparıcılar ədəbi dilin norma qaydalarına nə dərəcədə riayət edirlər?

Jurnalist, televiziyaçı, professor Qulu Məhərrəmli Redaktor.az-a açıqlamasında bildirib ki, 1 Avqust bayram kimi qeyd olunmalıdır:

“İnsanlar danışdıqları dil haqqında düşüncə formalaşdırmalıdırlar. Televiziya və radio işçiləri ana dilinin təbliğatçılarıdırlar. Bura Azərbaycan dilinin ən böyük tribunasıdır. Ona görə də burada çalışanlar ədəbi dilin normalarına uyğun danışmalıdırlar. Aparıcıları haqlı şəkildə çox tənqid edirik. Onları iki yerə bölmək lazımdır: Xəbər və şou. Xəbər aparıcıları arasında müəyyən normativlik var və bu, qəbul olunandır. Bəzi istisnaları saymasaq, vəziyyət normaldır. Problem xəbərin redaktorundadır. Uzun cümlələr və uzlaşma yoxdur. Xüsusilə də özəl radiolarda bu cür hadisələrlə daha çox qarşılaşırıq”.

O, vurğuladı ki, ədəbi dilin norma qaydalarına əməl edilməməsi daha çox şou aparıcıları arasında müşahidə olunur:

“Problemlərimiz daha çox şou aparıcıları ilədir. Həmin sahədə çalışan aparıcıların və verilişə dəvət olunan qonaqların dilində ciddi nöqsanlar var. Bu da ki, Azərbaycan dilini bilməməkləri ilə əlaqəlidir. Mütaliə etmirlər və auditoriyanın narazı qalmasına səbəb olurlar. Ən xoşagəlməz tendensiya ondan ibarətdir ki, televiziyalarda xarici dillərin sözlərindən çox istifadə olunur. Fikir yanlış və qüsurlu səsləndirilir. Tamaşaçı dərhal hiss edir ki, aparıcının söz ehtiyyatı azdır. İrad onlaradır. Gözəl dilimizi korlamaq olmaz".

Sevda Bayramova / REDAKTOR.AZ