Tatarıstan xalq şairinin kitabının AYB-də təqdimatı keçirilib - FOTO

 19:34 01.08.2019     1424

Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natavan” Klubunda Tatarıstanın Xalq şairi, Tatarıstan Respublikası Dövlət Şurasının üzvü, Dövlət Şurasının Maarif, Mədəniyyət, Elm və Milli məsələlər Komitəsinin başqanı, Dövlət Mükafatı Laureatı, görkəmli ictimai və dövlət xadimi Razil Vəliyevin “Payız yağmurları” adlı şeirlər kitabının təqdimat mərasimi keçirilib.

Redaktor.azn apa.az-a istinadən məlumatına görə, AYB-nin katibi Rəşad Məcid qonağı Azərbaycanda ilk kitabının çıxması, respublikamıza ilk səfəri və təqdimat mərasimi münasibəti ilə təbrik edib, yeni yaradıcılıq uğurları arzulayıb.

Millət vəkili Qənirə Paşayeva Razil Vəliyevin “Payız yağmurları”nın Azərbaycanda nəşr edilmiş ilk kitabı olduğunu, lakin son kitabı olmayacağını deyib, səfər müddətində baş tutmuş və keçirilməsi nəzərdə tutulan tədbirlər haqqında məlumat verib.

Razil Vəliyev kitabının nəşrində əməyi olanlara təşəkkür edib, təqdimat mərasimi üçün minnətdarlığını bildirib, nəşri həyata keçirmiş Azərbaycan aydınlarına Tatarıstan Dövlət Şurası adından “Rəxmət xatı” - “Təşəkkür məktubu” təqdim edib. “Rəxmət xatı” ilə təltif edilən millət vəkili Qənirə Paşayeva həm də Tatarıstan Dövlət Şurasının yubiley medalı ilə təltif edilib.

Qeyd edək ki, “Payız yağmurları”ında toplanmış şeirlər iki dildə - Azərbaycan və tatar dillərində verilib. Şeirləri rus və tatar dillərindən şair-publisist Həyat Şəmi çevirib. Nəşrin məsləhətçiləri millət vəkili, AMEA-nın həqiqi üzvü Nizami Cəfərov və Tatarıstanda yaşayan soydaşımız, tanınmış vəkil İsmət Orucəliyev, rəyçiləri isə millət vəkilləri Cavanşir Feyziyev və Qənirə Paşayevadır. Kitaba “Ön söz”ü yazıçı-publisist, “Ustad” dərgisinin baş redaktoru Şəmil Sadiq yazıb. Kitab Azərbaycanın və Tatarıstanın aparıcı kitabxanalarına, Azərbaycan-tatar ədəbi bağları, tatar ədəbiyyatı üzərinə tədqiqat aparan araşdırmaçılara paylanacaq.