“Kino ilə bağlı arzularım çoxdur...” – SƏNƏTÇİLƏR DANIŞDILAR

 15:47 02.08.2019     2178

Bu gün Milli Kino Günüdür. Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.

Azərbaycan kinosunun hazırkı vəziyyəti ilə bağlı sənətçilər fikirlərini bölüşüblər. 

Xalq artisti Sabir Məmmədov Redaktor.az-a açıqlamasında bildirib ki, müasir kinonun görünüşü o qədər də ürəkaçan deyil:

“Müasir kinonun görünüşü o qədərdə ürəkaçan deyil. İnkişaf gedir, ümid edirəm ki, bundan da yaxşı olacaq. Hesab edirəm ki, kinonun inkişafı üçün mütləq şəkildə icarə sistemi qurulmalıdır. Daha sonra vətənpərvərlik mövzusunda, intellektual ekran əsərləri ərsəyə gəlməlidir. Aktyor sənəti canlı sənətdir. Gənclər arasında uğurlularla yanaşı, qeyri-peşəkarlar da var. Çalışıram daim onlara dəstək olum. Kino ilə bağlı arzularım çoxdur. Azərbaycan kinosu yeni dövrə qədəm qoysun”.

Əməkdar artist Suğra Bağırzadə kino ilə bağlı arzularını bizimlə bölüşdü:

 “Hər kəsi təbrik edirəm. 88-90-ci illərdə kino ilə bağlı işlər yaxşı getmirdi, lakin hazırda vəziyyət normallaşıb. Cavan rejissorlar, aktyorlar müxtəlif müsabiqələrdə ad qazanırlar. Pis olmağa ehtiyac yoxdur. Düşünürəm ki, hər şey yaxşı olacaq. Cavanlarla ekran əsərlərində rol almaqdan zövq alıram. Səhərdən bütün televiziyalarda keçmiş filmlərimiz nümayiş olunur. Baxıb, fərəhlənirəm. Çox istərdim ki, gələcəkdə insanlar hazırda çəkilən filmlərə sevə-sevə baxsınlar, tanısınlar, beyinlərində, ruhlarında onları saxlasınlar. Bir sözlə, kinomuz daim yaşasın”.

Sevda Bayramova / REDAKTOR.AZ