Dərbənddə Nizami parkı baxımsız vəziyyətdədir - FOTOLAR

 15:18 07.08.2019     573

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun bir qrup əməkdaşı Rusiyanın Dərbənd şəhərində elmi ezamiyyətdə olub. 

Tarix İnstitutunun mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, ezamiyyət zamanı şəhərdə olan institut əməkdaşları müəyyən ediblər ki, 1994-cü ildə Dərbənddə salınmış Nizami Gəncəvi adına park baxımsız vəziyyətdədir. 

Bildirilib ki, 6 hektarlıq ərazini əhatə edən parkda vaxtilə istirahət guşələri, gəzinti yerləri, hərəkət cığırları olsa da, onların hamısı sökülüb və dağıdılıb. 

Şəhər sakinlərinin verdiyi məlumata görə, dahi Azərbaycan şairi və mütəfəkkirinin adını daşıyan parkı xüsusi məqsədlə bu hala salıblar, bütün yaşıllıqlar, ağaclar bir neçə günün içində məhv edilib. 

Parkın abadlaşdırılması üçün əraziyə tikinti materialları gətirilsə də, işlər yarımçıq qalıb. 

Alimlər onu da müəyyən ediblər ki, parkın divarına bitişik hissədə müəyyən tikinti işlərinin görülməsinə də cəhd edilib. Lakin, sahədə qədim qəbirlər aşkar edilib, bundan xəbər tutan şəhər sakinlərinin etirazı nəticəsində tikinti-qazıntı işləri dayandırılıb.

222222