“Sınıq körpü”nün təmiri ilin sonuna kimi bitə bilər

 13:05 09.09.2019     373

“Sınıq körpü”də ("Qırmızı körpü") nəzərdə tutulan bərpa işlərinin ilin sonuna kimi başa çatdırılması planlaşdırılır”.

Bunu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətubat katibi Fariz Hüseynov deyib.

Onun  sözlərinə görə, hal-hazırda körpünün uçmuş tağında bərpa işləri başa çatmaq üzrədir: “Bundan başqa, körpünün üstü, yanları, karvansarası artıq torpaq qatından təmizlənib, körpünün fasadında, parapetində və üst örtüyündə bərpa işlərinə başlanılıb”. 

Qeyd edək ki, Qazax rayonunda - Azərbaycanın Gürcüstanla dövlət sərhədində yerləşən “Sınıq körpü” XII əsrdə Azərbaycan memarları tərəfindən inşa olunub. Tikilinin uzunluğu 175 metrdir və 4 aşırımdan ibarətdir. Körpünün sağ və sol sahillərində karvansara kimi istifadə olunan geniş yerlər tikilib. Sol tərəfdəki karvansaranın sahəsi 116, sağ tərəfdəkinin isə 166 kvadrat metrdir.

Körpüdə bərpa işlərinə 2018-ci ildə başlanılıb.//Apa.az