"Üzeyir bəyə olan sevgidən şikayətim yoxdur" - İ.Tumas: "Sevimli Qarabağını darda qoymağımızdan savayı..."

 14:37 18.09.2019     1145

Üzeyir bəyin Uvertürasının möhtəşəm, əzəmətli sonluğu, yəni bizim də möhtəşəm, əzəmətli illərimiz hələ qabaqdadır. Buna qətiyyən şübhəm yoxdu! Onu əkən kişiyə də, doğan anaya da, sevə-sevə xatırlayan millətə də eşq olsun! Payızın bu məxməri dövründə, Bakının qurtuluşunun qeyd olunduğu 15 sentyabr günündən vur-tut üç gün sonra o böyük Kişinin mübarək doğuluşunu qeyd edirik.

Məhəmməd Əmin Rəsulzadə yazırdı ki, 15 sentyabr Azərbaycan tarixi üçün 28 mayıs qədər əhəmiyyətlidir. İndi Məhəmməd Əminin sözü olmasın, Üzeyir bəy də Azərbaycan tarixi üçün müstəqillik qədər şirin, müstəqillik qədər əziz, müstəqillik qədər vazkeçilməz və əhəmiyyətlidir. Bir müddət əvvəl dostlarımız Elçin Əlibəyli, Bəxtiyar Əlirzayevlə modern, postmodern haqda mübahisələrimiz hərlənib-fırlanıb epos və müasir sənət üzərinə gəldi. Ənvər Börüsoyun bir fikrini xatırladım: «Dünyada türklər və almanlar qədər eposları üzərində çağdaş mədəniyyətlərini quran millət yoxdur». Doğrudan da, Vaqnerin «Parsifal»ına, «Nibelunq üzüyü»nə, «Tristan və İzolda»sına yalnız musiqi əsərləri kimi baxmaq yanlış olar. Rixard Vaqner əsərləriylə şifrəli şəkildə nəinki öz dövründə, həm də özündən sonrakı əsrlər boyu ölən alman ruhunun dirçəlişinə xidmət edirdi.

Eyni fikri cəsarətlə böyük Üzeyir bəy haqqında da deməliyik. Üzeyir bəyin taleyinə Rixard Vaqnerdən daha çətin və məsuliyyətli bir dövrdə yaşamaq qismət olmuşdu. O, ictimai-siyasi burulğanların, inqilabların, qiyamların, müharibələrin, qırğınların, repressiyaların içində əzilmiş, ruhu sındırılmış bir millət üçün həm özü yaşamalı, həm özünü qorumalı, həm də bu millətin müstəqillik arzularının təmsilçisinə çevrilməliydi. Üzeyir bəy bu müqəddəs işin öhdəsindən layiqincə gəldi və millətin bağrından qopan dəyərlərdən gələcəyin müstəqil Azərbaycanını quracaq kəslər üçün qərinələrin o tayından müjdələr göndərdi. Mən "Koroğlu" uvertürasının nəyə görə ikinci müstəqillik ərəfəsində, hələ heç himnimizin bilinmədiyi zamanlarda milyonların dilinin, qəlbinin əzbərinə çevrilməsini yalnız bu musiqinin möhtəşəmliyi ilə bağlaya bilmirəm. Sevimli Uvertüramıza bu cür baxışın tərəfdarı deyiləm. Çünki həm Üzeyir bəyin, həm də başqa dahilərimizin bu musiqidən heç də geri qalmayan əsərləri var, elə isə nəyə görə məhz Uvertüra hamı tərəfindən birmənalı şəkildə qəbul edildi, sevildi, yumruqlar bu əsərin sədalarıyla düyünləndi?

Bunun sirri şifrədədi. Bəli, məzarı nurnan dolmuş o uzaq illərdə Uvertüranın mayasına verdiyi həmin şifrəni başı bəlalar çəkmiş bu millətin və Vətənin bir gün həmin bəlalardan mütləq qurtulacağı gün üçün hazırlamışdı. Eynən Vaqner kimi... Bu baxımdan, Vaqnerin dünyalarca məşhur "Valkiriyanın uçuşu" ilə bizim Üzeyir bəyin Uvertürası arasında həmişə qəribə bir oxşarlıq duymuşam... Siz də dinləyin, mütləq şahidi olacaqsınız... Hər iki musiqidə uyğun olaraq almanların və bizim bu günümüz, sabahımız var. Hə, yanılmıram, həm də sabahı var. Üzeyir bəyin Uvertürasının möhtəşəm, əzəmətli sonluğu, yəni bizim də möhtəşəm, əzəmətli illərimiz hələ qabaqdadır. Buna qətiyyən şübhəm yoxdu. Onu əkən kişiyə də, doğan anaya da, sevə-sevə xatırlayan millətə də eşq olsun! Üzeyir bəyə olan diqqətdən, maraqdan, sevgidən qətiyyən şikayətim yoxdur. Təbii ki, yalnız bircə məqamdan - Üzeyir bəyin sevimli Qarabağını darda qoymağımızdan savayı...

İlham Tumas