Tanınmış rejissor məhkəməyə MÜRACİƏT EDƏCƏK

 15:23 23.09.2019     521

Tanınmış rejissor Elmir Süleymanov məhkəməyə müraciət edəcək.

Bu haqda rejissorun özü Redaktor.az-a açıqlama verib. Bildirib ki, onun yaxın günlərdə məhkəməyə müraciət etməkdən savayı çarəsi qalmayıb.

E. Süleymanov deyib ki, onu bu addımı atmağa vadar edən səbəb, həkim səhlənkarlığı və məsuliyyətsizliyidir.

“Artıq, vəkillər lazım olan sənədləri hazırlayıb. Yaxın günlərdə məhkəməyə təqdim olunacaq. Ailə üzvlərimdən birinin narahatlıgı ilə bağlı həkimə müraciət etdik. Qoyulan diaqnozun nəticəsi olaraq, əməliyyat qərarı verildi. Biz də həkimin tövsiyə və məsləhətini nəzərə alaraq, buna razılaşdıq. Əməliyyat baş tutdu. Lakin, xəstənin problemi qətiyyən həll olunmadı. Digər özəl klnikalarda apardığımız yoxlamalar da bunu sübut edir. Sonradan məlum oldu ki, əməliyyatı bizim danışdığımız həkim deyil, bir başqası həyata keçirib. Bunu sonradan həkimin özü də etiraf etdi. Bir sözlə, həkim peşəsinə yaraşmayan bir addımın ağrılarını hələ də çəkməkdəyik”.

Rejissor hansı klinikadan söhbət getdiyini hələ açıqlamaq istəmir:

“Vəkillər prosedurları bitirib, məhkəməyə müraciət edən günü, bütün mətbuat hansı klinikadan və hansı həkimdən söhbət getdiyini biləcək. Məhkəməyə müraciət etməyim üçün əlimdə kifayət qədər dəlillər var. Və bu dəlillər əsasında ailəmə dəymiş maddi və mənəvi ziyana görə təzminat tələb edəcəm”.

E.Süleymanov məhkəmənin ədalətli qərar verəcəyinə qətiyyən şübhə etmədiyini də əlavə edib.