Faiq Qarayevə “Əmək” ordeni təqdim edilib

 14:00 30.10.2019     6479

Azərbaycan Voleybol Federasiyasının (AVF) I vitse-prezidenti Faiq Qarayevə "Əmək" ordeninin təqdim olunması mərasimi keçirilib.

Redaktor.az xəbər verir ki, Tədbir Bakı Voleybol Mərkəzində baş tutub.

AVF-nin prezidenti, Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib ki, təcrübəli mütəxəssisin həyatı voleybolla bağlıdır, ömrünü idmanın bu növünə həsr edib: "O, məşqçi olmağı hər şeydən üstün tutub. Bir sıra ölkədə komanda çalışdırıb. Sonra Azərbaycana qayıdıb və Olimpiya Oyunları istisna olmaqla, millinin bütün mötəbər yarışlarda iştirakına nail olub. Hər yerdə onun böyük məşqçi olduğunu qəbul edirlər. 15 ildir dostuq, bu sahəyə gəlməyimin səbəbkarı da odur. "Əməkdar məşqçi"likdən sonra cənab Prezident tərəfindən "Tərəqqi" və "Şöhrət" ordenlərinə layiq görülüb. İndi isə "Əmək" ordeni ilə təltif edilib".

Sonra sərəncam oxunub və Cavid Qurbanov Faiq Qarayevə ordeni təqdim edib.

Daha sonra çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə F. Qarayev haqda danışıb. O bildirib ki, mütəxəssisin bu ordenə layiq görülməsinə çox sevinib: "Mənim üçün xüsusi bayramdır. Faiq Qarayev bütün ömrünü voleybola sərf edib və Azərbaycanın ən öndə gələn idman xadimlərindən biridir. Onunla eyni gündə "Şöhrət" ordeni ilə təltif olunmuşuq. Onun nailiyyətlərini bütün dünyada bilir, tanıyırlar".

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov da F.Qarayevi nazir Azad Rəhimovun adından təbrik edib, onun karyerasından, uğurlarından söhbət açıb.

Mərasimdə çıxış edənlər F.Qarayevin Azərbaycan voleybolundakı rolundan danışıb, onun bu sahədə işini yüksək qiymətləndiriblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin bu il ooktyabrın 17-də imzaladığı sərəncamla Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə Faiq Qarayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunub.