Xalq artisti Əjdər İbrahimovun 100 illik yubileyi qeyd olunub

 21:22 30.10.2019     540

Nizami Kino Mərkəzində Azərbaycanın və SSRİ-nin Xalq artisti, rejissor Əjdər İbrahimovun 100 illik yubileyi qeyd edilib.

Redaktor.az-ın məlumatına görə, yubiley mərasimi rejissor Nizami Abbasın “Narahat adam” sənədli filminin nümayişi ilə başlayıb.

Sonra Ə.İbrahimovun həyat və fəaliyyətini əks etdirən foto-slayd nümayiş olunub.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev tədbirdə çıxış edərək Əjdər İbrahimovun fəaliyyətinin çox zəngin olduğunu bildirib. O deyib: “Görkəmli rejissor müharibə dövrü keçib, bir neçə ölkənin azad olunmasında iştirak edib. Sonradan o, kino sahəsində fəaliyyətə başlayıb. Bir müddət sonra Vyetnama göndərilib. Vyetnam kinematoqrafiyasının məşhur rejissorları məhz onun emalatxanasında çalışıblar. Xalq artisti Vyetnam kinosuna böyük töhfələr verib. Ə.İbrahimovun fəaliyyəti “Mosfilm”lə də bağlı olub. O, bu kinostudiyada sıravi işçi deyil, böyük birliyin rəhbəri kimi çalışıb. İndiki bir sıra məşhur rus rejissorları vaxtilə Əjdər İbrahimovun dəstəyindən yararlanıblar. SSRİ-nin Xalq artisti, həmçinin Rusiya ilə Türkiyə arasında mədəni körpünün qurulmasında iştirak edib”.

Cəmil Quliyev qeyd edib ki, Azərbaycan kinematoqrafiyasının inkişafında da böyük xidmətləri olan Əjdər İbrahimov çəkdiyi hər bir ekran əsəri ilə tamaşaçının qəlbinə yol tapıb. O, hər zaman türkçülüyü, azərbaycançılığı sevən bir şəxsiyyət olub.

Rejissorun həyat yoldaşı Marqarita Maleyevna bildirib ki, hamını onların bir yerdə necə yaşadıqları sualı maraqlandırırdı. Qeyd edib ki, o, həyat yoldaşının böyük şəxsiyyət olduğunu bilirdi və hər zaman ona bənzəməyə çalışırdı. Ə.İbrahimov ssenarinin sirlərini həyat yoldaşına öyrədib və onun kinoya gəlməsinə kömək göstərib.

Əməkdar mədəniyyət işçisi kinooperator Rafiq Qəmbərov rejissorla birgə çəkdikləri filmdən söhbət açıb. Bildirib ki, o zamanlar gənc bir operatorun Ə.İbrahimov kimi sənətkarla çalışması onun üçün şərəf idi.

Rusiyalı rejissor Boris Blank rejissorla birgə qazandığı təcrübəsini bölüşərək deyib ki, Ə.İbrahimov hər zaman insanlarla mehriban davranır, işinə isə çox məsuliyyətlə yanaşırdı.