Yeni filmlərdə musiqimizi kimlər pis günə qoyur? - Nazirin çıxışına sənət adamlarından MÜNASİBƏT

 15:29 06.11.2019     710

“Son illər filmlərimizdə qorxunc, heç bir ümid verməyən fon musiqiləri səslənir, niyə bəstəkarlarımız bununla məşğul olmurlar?” 

Redaktor.az xəbər verir ki, bu fikirləri Azərbaycan Bəstəkarlar İttifaqının X qurultayında Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Nazir bəstəkarlara səslənərək, bu problemin aradan qaldırılmasında iştirak etməyə çağırıb: 

“Düzdür, biznes mühiti tamam başqa məsələlər diqtə edir, ancaq biz, dövlət olaraq yaradıcı ittifaqlara dəstək veririk. Azərbaycan bəstəkarları bununla niyə məşğul olmurlar? Əgər belə getsə, filmlərimizdə, seriallarda texniki musiqidən başqa bir musiqi görməyəcəyik. Ona görə mən bəstəkarlarımızı bu məsələlərdə həssas olmağa çağırıram. Gəlin, bu barədə məsələ qaldıraq, bu kimi problemlər həll olunsun”. 

Məsələ ilə bağlı açıqlama verən tanınmış bəstəkar Gövər Həsənzadə bildirib ki, nazirin səsləndirdiyi iradlarla razıdır. Peşəkar rejissorların çəkdiyi filmlərdə, seriallarda musiqiyə xüsusi önəm verilməlidir:

“Musiqi film başlayanda tamaşaçını özünə çəkən ən vacib məqamdır. Filmin xarakteristikasını tamaşaçıya təqdim edir. Hesab edirəm ki, problem peşəkarlıqdan qaynaqlanır. Filmləri, serialları çəkən rejissorlar peşəkar olmalıdır”.

Gövhər Həsənzadə əlavə edib ki, bu məsələdə digər məqam da vətəndaşlıq borcudur:

“Dəfələrlə demişəm ki, bizim mədəniyyətimiz, musiqimiz, tariximiz milli kimliyimiz deməkdir. Hər bir rejissor çəkdiyi filmə, seriala Azərbaycan mədəniyyətinin bir hissəsi kimi yanaşsın. Fikirləşsinlər ki, kino mədəniyyətimizə ləkə gətirəcək əsərləri nə çəkmək, nə də yaymaq doğru deyil”.

Son zamanlar bir çox serialların rejissoru olan Rövşən İsax da hesab edir ki, problemin kökündə peşəkarlıq dayanır:

“Rast gəlmişəm ki, dünyada çox məşhur olan filmlərin musiqilərindən bizim seriallarda istifadə edirlər. Bu, sadəcə biabırçılıqdır! Məsələn, “Titanik” filminin musiqisini Azərbaycan serialında eşitmişəm... Mən çəkdiyim bütün seriallarda bəstəkarlara müraciət etmişəm, onların yazdığı musiqilərindən istifadə etmişəm. Bilirsiniz, bu məsələ peşəkarlıqla bağlıdır. İstər serialı çəkən rejissor, istərsə də mahnı yazan bəstəkar peşəkar olmalıdır”.

Oral Mədənçi / Redaktor.az