Özünün 41, klubunun isə 5 yaşı olur - Törəçinin “Çölçü”sü / FOTO

 19:49 07.01.2020     1052

Bu gün “Çölçü” Sosial Klubunun 5 yaşı tamam olur.

Redaktor.az xəbər verir ki, klub elm, sənət və işgüzar çevrədə tanınaraq, çoxlu sayda tərəfdaş toplamağı bacarıb. Bu klub çöl fəlsəfəsini, çölün ecazkar sehrini və rahatladıcı enerjisini insanlarla bölüşmək üçün yaradılıb.

Çölçülük ekstremal turizm, eko turizm, vəhşi təbiətdə sağ qalma üçün fiziki və psixoloji hazırlıq treninqlərinin sintezindən yaranan bir turizm cərəyanı, çölə, çölçülüyə və turizmə tam fərqli yanaşmadır. Çölçülər turizmə təkcə əyləncə kimi baxmır, onun yeni bilgilər və bacarıqlar toplamaq üçün də necə faydalı olduğunu bilirlər. Buna görə də "Çölçü” klubunun təşkil etdiyi çölçü axınlarından, işgüzar birlik öyüdlərindən (team building) qatılanlar geriyə, adi turlarda olduğu kimi sadəcə xoş təəssüratlarla deyil, həm də yeni biliklər, bacarıqlar yiyələnərək qayıdırlar.

Yarandığı gündən "Çölçü” klubu çölə - dağlara, dağ çaylarına, şələlə və bulaqlara, meşələrə onlarla axın təşkil edib. Bu günə qədər axınlara  700-dən çox insan, yaradıcı və elm və iş adamları qatılıb.  Axın iştirakçılarından ən kiçiyinin 3, ən yaşlısının isə 65 yaşı var. 

“Çölçü” Klubunun layihələri “Çöldə yaşam öyüdləri”, “Çölçü biş-düşü”, “çölçü oxçuluq yarışması”  verilişləri "Qafqaz” televiziyasında,eləcədə sosial şəbəkələrdə yayımlanır. “Çöldə yaşam öyüdləri”nin yaradıcı rejissoru və aparıcısı isə düz beş il öncə “Çölçü” Sosial Klubunun əsasını qoyan tanınmış rejissor, “Qafqaz” TV-nın direktoru Eltən Qədimbəylidir. 

Eltən Qədimbəylinin özünün də bu gün doğum günüdür. “Yaş üstünə yaş gələ bilər, amma mən gün keçdikcə içdən gəncləşirəm”, deyən rejissorun 41 yaşı tamam olur. 

2