Azərbaycanda teatr və konsertlərin fəaliyyəti dayandırıldı

 13:56 07.03.2020     1021

Bu gündən Mədəniyyət Nazirliyi sistemində olan bütün teatr və konsert müəssisələri fəaliyyətini müvəqqəti dayandırıb.

Redaktor.az bildirir ki, bunu Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov deyib.

Onun sözlərinə görə, Mədəniyyət naziri Əbülfəs Qarayev koronavirus təhlükəsi ilə əlaqədar bütün müəssisələrin fəaliyyətinin martın 27-dək dayandırılması barədə tapşırıq verib.

Teatr və konsert müəssisələri martın 27-də fəaliyyətə başlayacaq.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.03.2020-ci il tarixli sərəncamının icrası ilə bağlı Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə 2020-ci ilin mart ayının 3-dən 9-dək Nazirliyin tabeliyində olan bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılmış, Bakı şəhər Mədəniyyət Baş İdarəsi, regional mədəniyyət idarələri və təhsil müəssisələrinin rəhbərlərinə yoluxma hallarının qarşısının alınması məqsədi ilə tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin görülməsi tapşırılıb.

Bununla əlaqədar Bakı şəhər Mədəniyyət Baş İdarəsi, regional mədəniyyət idarələri üzrə şəhər və rayonlarda uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər görülməkdədir. Prosesin 9 mart 2020-ci il tarixinədək tam yekunlaşması nəzərdə tutulub. // Trend