Görkəmli oftalmoloq alim Paşa Qəlbinurun doğum günüdür

 17:28 30.03.2020     1979

Bu gün tanınmış oftalmoloq alim Paşa Qəlbinurun doğum günüdür. 

Redaktor.az xəbər verir ki, Qərbi Azərbaycan Deportasiya Qurbanları Cəmiyyətinin sədri Köçəri Nağıbəyli, İdarə heyətinin üzvüləri Xalq şairi Vahid Əziz, keçmiş təhsil naziri, professor Firudin Cəlilov, professor Eldar Abbasov, ordu generalı Əli Ömərov, hüquqşünas Valeh Səfərli, Məzahir Şahvələdov, Rahim Bağırov görkəmli alimi təbrik ediblər, ona gələcək işlərində uğurlar arzulayıblar.
Qeyd edək ki, Paşa Qəlbinur 1952-ci il martın 30-da Şəmkir rayonunun Çinarlı qəsəbəsində qulluqçu ailəsində anadan olub. Burada Müşfiq adına kənd orta məktəbini qızıl medalla bitirib (1958-1968). N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profılaktika fakültəsində təhsilini davam etdirib(1968-1975). Gəncə şəhər göz xəstəxanasında və 1 saylı uşaq poliklinikasında həkim-okulist işləyib (1975-1977). Sonra N.Nərimanov adına Tibb İnstitutunun göz xəstəlikləri kafedrasında baş laborant olub(1977-1978).

İ.M.Seçenov adına 1-ci Moskva Tibb İnstitutunun göz xəstəlikləri kafedrasının nəzdində əyani aspiranturada təhsil alıb (1978-1981). N.Nərimanov adına Tibb İnstitutunun göz xəstəlikləri kafedrasında assistent, həm də ictimai peşələr fakültəsində dekan müavini işləyib(1981-1988). Hazırda həmin kafedranın professoru (1988-ci ildən), həm də kafedranın müdiridir (1991-ci ildən). Tibb elminə dair yüzdən çox elmi əsərin, on elmi kəşfin müəllifidir. On mindən çox cərrahiyyə əməliyyatı aparıb. Dünya Türk Cümhuriyyətləri Oftalmoloji Birliyi Bilimsəl qurumunun həmsədri seçilib (2001). ABŞ-ın Biblioqrafiya İnstitutunda keçirilən "2000 alim və intellektual" seçimində "İlin adamı" mükafatına layiq görülüb. Yusif Məmmədəliyev adına mükafata (1999), "İman" izzət və iltifat diplomuna (2000) layiq görülüb. "Araz" ali ədəbi mükafatın laureatıdır (1996). Aybəniz Əliyeva "Paşa Qəlbinur" (1996), A.Məmmədov "Qəlbinur poeziyası XXI əsrin astanasında" (1999) kitabını ona həsr edib. "Paşa Qəlbinur – 50" biblioqrafiya məlumat kitabı buraxılmışdır. Xarici ölkələrdə konfrans və elmi simpoziumlarda olub.

Brüsseldə (Belçika) 51-ci Ümumdünya İxtiralar salonunda "Brüssel Evrika 2002" sərgisində "Oftalmologiyada yeni dərman preparatı Aktirol"un kəşfı Böyük qızıl medala və Belçika Maliyyə Nazirliyinin xüsusi prizinə layiq görülmüşdür. Yeni dərman preparatı onun rəhbərliyi altında hazırlanmışdır (2002).

Ədəbi fəaliyyətə 1978-ci ildə "Ulduz" jurnalının 4-cü sayında çap etdirdiyi "Xal", "Ay gecəyə hicran sıxır", "Mən ilhamı gözlərimlə görmüşəm" şeirləri ilə başlamışdır. "Gözlər" adlı ilk şerini 13 yaşında ikən yazıb. Dövri mətbuatda vaxtaşırı çıxış edir.