"Koronavirus" adlı virtual foto sərgi hazırlanıb - FOTOLAR

 14:53 22.04.2020     3635

Dünyanı cənginə almış koronavirus pandemiyası Azərbaycandan da yan keçməyib. Bu çətin dönəmdə "Görünməyən qəhrəmanlar" adlandırılan bir çox peşə sahibləri kimi, KİV nümayəndələri əhalini məlumatlandırmağa çalışırlar. Pandemiya dövründə fədakarlıqları ilə seçilənlər sırasında mətbuatda çalışan fotoqrafların da xüsusi yeri var. Bu gün onların çəkdiyi fotolar, sabah üçün tarix hesab olunur.

Redaktor.az xəbər verir ki, Azərbaycanda foto sənətinin inkişafına töhfə verən "Gilavar" Azərbaycan Foto Klubu bu dəfə də fərqli sosial layihə ilə çıxış edib. "Evdə qal, evdə yarat" təşəbbüsünə qoşulan foto klub  "Koronavirus" adlı virtual foto sərgi hazırlayıb. Virtual sərginin yaradılmasında məqsəd həm insanların evdə qaldıqları müddətdə vaxtlarını səmərəli keçirməsinə yardımçı olmaq, həmçinin fotoqrafların tarix yazdığı fotoları bir yerə toplamaqdır.

Virtual sərgidə 19 fotoqrafın pandemiya dövründə çəkdiyi 56 fotosu sərgilənir.  Bu keçidlərə daxil olmaqla virtual sərgini ziyarət etmək, sərgilənən fotolara baxmaq və yaxud video formatda seyr etmək mümkündür:

https://www.artsteps.com/view/5e9eb4b841454a0d979dcaab

https://youtu.be/64CjX7yosoY

Qeyd edək ki, sərgidə ölkənin tanınmış fotoqraflarının - Rəşad Mehdiyev, Ramil Zeynalov, Roman İsmayılov, Zaur Mustafayev, Vüqar İbadov, Dilavər Nəcəfov, Murad Orucov, Əziz Kərimov, Rəsul Rəhimov, Aydın Məmmədov, Şahin Sərdarov, Tofiq Babayev, Famil Mahmudbəyli, Kərim Abbasov, Vəli Şükürov, İlkin Nəbiyev, Əlihüseyn Məlikov, Məhərrəm Məcidov və Şahlar Sadıqovun fotoları nümayiş olunur.

                           

2222