Ordubaddakı qədim Cümə məscidi bərpa olunur - FOTOLAR

 20:57 23.04.2020     544

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin tapşırığına əsasən Ordubad şəhərindəki qədim Cümə məscidində bərpa işlərinə başlanılıb.

Redaktor.az xəbər verir ki, bərpa işləri zamanı abidənin memarlıq quruluşu saxlanılacaq. Burada dindarlar üçün lazımı şərait yaradılacaq. Sahəsi 890 kvadratmetr olacaq məsciddə axund otağı, qadın və kişi ibadət zalları və digər otaqlar yerləşəcək.

Məscidin həyətində dəstəmaz yeri yaradılacaq, geniş abadlıq işləri aparılacaq, müasir istilik, işıqlandırma və suvarma sistemləri qurulacaq. Məscidin bərpası zamanı, əsasən, milli memarlıq elementlərindən istifadə ediləcək.

Cümə məscidi orta əsrlərə aiddir. Qədim Cümə məscidinin memarlıq görkəmi XVII-XVIII əsrlərə aid abidələrin başlıca cəhətlərini özündə daşıyır. Tikili şəhərin ən hündür yerində ucaldılıb.

Qeyd edək ki, son illər ərzində muxtar respublikanın Babək rayonunun Nehrəm, Culfa rayonunun Əbrəqunus, Ordubad rayonunun Yuxarı Əylis, Şərur rayonunun Aralıq kəndlərində olan ibadət ocaqları, eləcədə ötən il Dırnıs kəndində “Allahşükür məscidi” istifadəyə verilib. 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunan Naxçıvan şəhərində hazırda İslam mədəniyyətinin incilərindən olan yeni məscid kompleksinin inşası davam etdirilir. //AzərTac

1

1

1

1