“Sevilənlər sevənlər"də növbəti onlayn görüş keçirilib

 11:58 20.05.2020     1476

Respublika Gənclər Kitabxanası “Sevilənlər sevənlər” rubrikası altında keçirdiyi növbəti yayımın qonağı Azərbaycan Respublikasının Xalq Artisti, xanəndə, milyonların sevimlisi Gülyaz Məmmədova olub. 2333 nəfərin qoşulduğu canlı yayım aparıcı,  kitabxananın Hüquq İnformasiya Şöbəsinin müdiri Günay Həsənovanın və istifadəçilərin sualları, müsahibin cavabları ilə çox maraqlı və yaddaqalan olub.

Redaktor.az xəbər verir ki, Gülyaz xanım ilk növbədə səhnəyə gəlişindən, keçmiş xatirələrindən söhbət açıb, Nəriman Əliyev, Kamil Vəzirov, Canəli Əkbərov kimi ustadların adını çəkib. Canlı yayım zamanı Gülyaz xanım operada oynadığı rolları haqqında məlumat verərək, Üzeyir Hacıbəylinin "Leyli və Məcnun"operasında Leyli, "Arşın mal alan" operasında Telli, "Koroğlu" operasında Xanəndə qız, Şəfiqə Axundovanın "Gəlin qayası" operasında Gülbahar, Ramiz Mustafayevin "Vaqif" operasında Xanəndə qız, Vasif Adıgözəlovun "Natəvan"operasında Xanəndə qız, Niyazinin "Rast" baletində Xanəndə obrazlarını xüsusi olaraq qeyd edib.  Gülyaz xanım uzun illər ərzində səhnəni Azərbaycanın Respublikasının Xalq artisti, Şöhrət ordenli, professor Mənsum İbrahimov, Xalq artisti Baba Mahmudoğlu, Zahid Quliyev, Əməkdar artist Səbuhi İbayev, İlkin Əhmədov və digərləri kimi böyük sənətkarla bölüşdüyünü vurğulayıb.

 Canlı yayım zamanı muğam sənətinin incəlikləri, müasir dinləyici zövqü və s. mövzular ətrafında maraqlı söhbətlər aparılıb. Bundan əlavə Gülyaz xanım canlı yayım boyunca izləyiciləri canlı ifası ilə sevindirib. Arzu, istəkləri nəzərə alaraq mahnılar səsləndirib. Sonda qonaq bu cür görüşlərin təşkilinə görə kitabxana rəhbərliyinə və bütövlükdə kollektivə öz dərin təşəkkürünü bildirib.