Sevgi vardır ki... - MİKAYIL MÜŞFİQ

 20:21 05.06.2020     2209

1930-cu ildə Dünyanı dolaşan bəstəkar "Küləklər"lə ədəbi söz çələngində yeni bir pəncərə açıldı. O küləklər ki, "Bir gün"lə “göylərin lacivərd ətəklərində parlayan günəşin şəfəqlərini” özü ilə söz dünyasına gətirdi. O, küləklərin bələdçisi "Ulduzlar fikrinin çırağbanı olan" bəyaz köpükləri bir çiçək yapan" Mikayıl Müşfiq idi...

Qəribədir,göylərin pəmbə buludlarından yerə enən sədaqətli qələm yoldaşı Cavid əfəndi kimi onun da həyatındakı rəqəmlərin sehrini sezmək olur:

1908-ci il, Bakı. 6 nömrəli evdə bir körpə dünyaya göz açır. 6 ay sonra isə “Xilqətində ayrıca bir füsun olan” çiçəkli fidanı onu və dünyanı tərk edir. 1926-cı il. O,  Söz ümmanından yoğrulan Sevdalar ölkəsinə qədəm qoyur. 1938-ci il, 6 yanvar. "Həyat, həyat!” deyə çırpınan könlün atəşini böhtan atəşi ilə söndürürlər. 1956-cı il.  "Sən də öl mənim kimi, fəqət məzarın olsun ürəklər" deyən qəlbin xülyası yenidən  göylərə yüksəlir.

Mikayıl Müşfiq — Vikipediya

Müşfiqi Cavid əfəndi ilə bağlayan sadəcə həyatlarındakı sirli rəqəmlər deyildi. Onun da tanrısı gözəllik və sevgi idi.  Qəlbdə bülbüllər oxudan sevginin ilhamı isə çöhrəsindəki gülüşləri “lalə yarpağında şehə bənzəyən” Dilbəri idi. "Yenə o bağ olaydı" deyəndə qələmə söz verib hər gün bir yeni nəğmə,hər gün bir yeni ilham yaradan sevginin başqa bir yazda yaranan başqa bir sevda olduğu deyilir. "Müşfiqli günlər"in müqəddiməsində yazılan bu sətirlərsə, bu sevgidə olan qarışıq bilməcələrin sirrini açmağa yetir:

"Həmişəki kimi Müşfiq ondan soruşur: Piraya, Dilbər necədir? O da cavab verir ki, yaxşıdır.  Müşfiq yenə sual verir. Dilbər indi nə edir. Piraya da cavab verir ki, o görəndə Dilbər yatırdı. "Piraya səndən bir xahişim var, get bax gör onun hörükləri yorğanın üstündədir,ya altında. Əgər onlar yorğanın altındadırsa, xahiş edirəm, götür qoy üstə."

Dikaletik qanuna görə  hər şeyin dəyişdiyini qəbul edən Mikayıl Müşfiq onun yalnız sevgi üçün keçərli olmadığını deyirdi. O, “Nərgiz gözlərin yaşına qurban’’ olub sevginin qulu olmağa da razı idi:

“Gəlmiş hüzuruna bir qara dağlı,
Bir qara qulundur, qolları bağlı, 
Gəl çəkmə könlümə sən hicran dağı,
Gümüş topuğunda xal, sənə qurban.”

Onun uyqu kimi ötüşən günlərində sadəcə Dilbərin deyil, həyatın, kainatın ellərin sevgisi vardı:

“Oxu, tar, oxu, tar! 
 Səsindən ən lətif şeirlər dinləyim, 
 Oxu, tar, bir qadar, 
 Nəğməni su kimi alışan ruhuma çiləyim. 
 Oxu, tar!..”

Bir başqa "Küləklər"in də “Mən də yazdım sənin кimi bir хеyli cəfəngiyat" deyən şairin sevgi çələngi ilə hörülən misraları illər keçsə də dodaqlar da güllər açdırır. Sevgi ilə coşub yorulmayan  əlindəki  sədəfli sazı ilə sevginin sədaətini bütün kainata yayır. Kainata yayır ki, ruhu oxşayan sevgi vardır...

Sevgi vardır ki, dodaqlarda açar güllərini,
Sevgi vardır ki, bir az qar kimi, rüzgar kimidir.
Sevgi vardır oxudur qəlbidə bülbüllərini,
Böylə bir sevgi mənim ruhumu oxşar kimidir.

Müəllif: Günel Natiqqızı