Aida İmanquliyeva haqqında elektron baza hazırlanıb

 15:11 09.06.2020     1902

Elm aləmində nadir istedada malik elə alimlər var ki, onların elmə gətirdiyi yenilik və çəkdikləri zəhmətin tam həcmi zaman keçdikcə öz dəyərini daha da artırır və elm sahəsində öz dəyərli yerini tutur. İstedadlı alim, ictimai xadim, gözəl qadın və ana olan Aida İmanquliyeva belə alimlərdən, belə şəxsiyyətlərdəndir. Aida İmanquliyeva şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru olub. Neçə-neçə kitabların, tərcümələrin müəllifi olan Aida İmanquliyeva, Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun ilk qadın direktoru olub. O, Azərbaycan şərqşünaslığını bir çox yaxın və uzaq ölkələrdə elmi konfrans və simpoziumlarda ən yüksək səviyyədə təmsil edib.

Redaktor.az xəbər verir ki, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Aida İmanquliyevanın həyat və yaradıcılığından bəhs edən elektron resurs hazırlayaraq geniş istifadıçi auditoriyasına təqdim edib. Resurs, kitabxananın rəsmi saytına ( www.ryl.az ) yerləşdirilib. Elektron resursda Aida xanımın həyat və elmi fəaliyyətinin əsas tarixləri, əsərləri, tərcümələri və s. kimi məlumatlar öz əksini tapıb. 

Kitabxana istifadəçiləri Aida İmanquliyevanın həyat və yaradıcılığından bəhs edən elektron resurs ilə http://ryl.az/aida_imam_el_melumat_bazasi/filmoqrafiya.html linkı vasitəsilə tanış ola bilərlər.